“Çox yaxşı futbolçularımız var”.
Bunu Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Turnirlə bağlı fikirləriniz necədir?
– Möhtəşəm dünya çempionatıdır. Adı üstündə, həm də festivaldır. Bu gün burada, Hövsan qəsəbəsində fantastik ab-hava hökm sürür. Bunu FIFA prezidenti Canni İnfantinodan tutmuş Arsen Vengerə qədər hər kəs, bütün qonaqlar, yeniyetmə futbolçular da qeyd edirlər. Möhtəşəm bayramdır və bu bayram Azərbaycanda keçirilir. 200-dək ölkənin nümayəndələri buradadır. Bu, böyük futbol bayramıdır. Belə bir tədbirin Azərbaycanda, Hövsanda keçirilməsi yalnız müsbət məqamdır. Bütün dünya yarış başlayandan bu günə qədər Azərbaycandan danışır.

– Millidə perspektiv görürsünüzmü?
– Çox yaxşı futbolçularımız var. Daha yaxşı nəticələr gözləyirdim. Amma bu, onların ilk sınağıdır. Oynadılar, qələbələr də qazandılar, məğlubiyyətlər də oldu. Əsas məsələ bu uşaqları qorumaq, istedadlarını inkişaf etdirmək və onları milli komandaya qədər daha yüksək səviyyəyə çatdırmaqdır.
– Futbolçuların potensialını nəzərə alsaq, əldə olunan nəticələr sizi qane edirmi?
– Mən daha yaxşı nəticələr gözləyirdim. Amma bir daha qeyd edirəm ki, burada nəticədən daha çox uşaqların gələcəyi önəmlidir. Dünya çempionatından sonra təhlillər aparılmalı, hansı istiqamətlərdə işləməli olduğumuz müəyyənləşdirilməlidir. Ümumiyyətlə, ölkədə uşaq-gənclər futbolunda dönüş yaratmaq lazımdır. Burada çıxış edən uşaqların böyük əksəriyyəti “Sabahın ulduzları” layihəsindəki klubların futbolçuları idi. Bölgələrimiz də daxil olmaqla, ölkə miqyasında bütün yaş qrupları üzrə uşaq-gənclər futbolunda dönüş yaratmaq lazımdır. Yalnız bu halda ölkə futbolunu istədiyimiz səviyyəyə çatdıra bilərik.

– Bakı Futbol Federasiyasının “Sabahın ulduzları” layihəsindəki bir çox futbolçunun millidə yer almamasının səbəbini nədə görürsünüz?
– Futbolçularımızın çox yaxşı potensialları var. Təkcə bu uşaqlardan söhbət getmir. Formatın tələblərinə uyğun olaraq, burada 14 futbolçu çıxış edirdi. Ancaq bu yaş qrupunda və ondan sonrakı nəsillərdə dünya səviyyəsində çıxış etmək potensialına malik 50-100-dək futbolçu var.
– U-14 Liqasında Ceyms Eziaşi bombardir olsa da, milliyə cəlb olunmayıb. Sizcə, gələcəkdə dəvət ala bilərmi?
– Eziaşi bu yaş qrupu üçün hələ bir qədər kiçikdir. Amma Azərbaycan vətəndaşıdır və çox potensiallı uşaqlardan biridir. O, U-14 komandasında çıxış edirdi. Təkcə Ceyms deyil, ümumiyyətlə, çox yaxşı yeniyetmə futbolçularımız var və yaxın gələcəkdə onların arasından perspektivli gənc oyunçular yetişə bilər. Əsas məsələ onların üzərində işləmək, inkişaflarına dəstək olmaq və istedadlarını qorumaqdır.

– “Sabahın Ulduzları” layihəsinin növbəti illərdə də davam etdirilməsi gözlənilirmi?
– Təbii ki. Çoxsaylı layihələrimiz var və “Sabahın Ulduzları” layihəsi növbəti ildə də davam etdiriləcək. Üstəlik, daha yüksək səviyyədə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin müəllifi və rəhbəri kimi istərdim ki, “Sabahın Ulduzları” uşaq-gənclər futbolunda bütün Azərbaycana şamil olunsun. Bunun üçün strateji qərar lazımdır. İnanıram ki, yaxın vaxtlarda bu istiqamətdə addımlar atılacaq.
