Futbol millimiz U-15 dünya çempionatında növbəti oyununu keçirəcək

29 Oktyabr 2026 09:56
58
Futbol millimiz U-15 dünya çempionatında növbəti oyununu keçirəcək

Bakıda təşkil olunan futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunda Mozambik yığması ilə qarşılaşacaq.

Hövsan Yarış Kompleksində keçiriləcək görüş saat 11:30-da başlayacaq.

Bu cütün qalibi Kuba - Vyetnam matçında üstün olan tərəflə üz-üzə gələcək. Cütün məğlubu isə eyni komandaların qarşılşamasında uduzan tərəflə oynayacaq. Məğlublar saat 18:15-də, qaliblər 19:30-da münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı ilk oyununda Çiliyə 1:3 hesabı ilə məğlub olub. Cəbəllütariq seçməsini isə 5:1 məğlub edib.

İdman.Biz