“Real Madrid” Mbappe qalmaqalında La Liqanın köməyindən imtina edib

29 Oktyabr 2026 06:23
59
“Real Madrid” Mbappe qalmaqalında La Liqanın köməyindən imtina edib

“Real Madrid” rəhbərliyi Kilian Mbappenin Çinlə bağlı açıqlamalarından sonra yaranmış qalmaqalın həllində La Liqanın yardım təklifini qəbul etməyib.

İdman.Biz F "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, La Liqa rəhbərliyi qalmaqal başlamazdan əvvəl Madrid klubunu futbolçunun sözlərinin mümkün nəticələri barədə xəbərdar edib və vəziyyətin tənzimlənməsində kömək təklif edib.

Lakin “Real Madrid” La Liqa prezidenti Xavyer Tebasla gərgin münasibətlər fonunda bu təklifi rədd edib.

Mənbənin məlumatına görə, Madrid klubunun rəhbərliyindəki bəzi şəxslər hətta vəziyyətin inkişafını istehza ilə izləyərək Tebasın böhrandan necə çıxış yolu tapacağını gözləyiblər.

Xatırladaq ki, qalmaqala Mbappenin üzünün Çin diktatorunun təsvirinə yerləşdirildiyi internet şəklini gülməli hesab etməsi barədə açıqlaması səbəb olub. Fransalı futbolçu həmin şəkildən dostları ilə yazışmalarda tez-tez istifadə etdiyini də söyləyib.

Bu sözlər Çində mənfi reaksiyaya səbəb olub. Bir neçə yerli şirkət Mbappe ilə əməkdaşlığı dayandırıb, ölkədə La Liqa oyunlarının yayımları isə dayandırılıb.

Futbolçunun və “Real Madrid”in sonrakı üzrxahlıqları vəziyyəti dəyişməyib. "China Media Group" La Liqa qarşılaşmalarının yayımını bərpa etməkdən imtina edib.

İdman.Biz