Beynəlxalq Futbol Federasiyası (FIFA) Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının təşkili ilə bağlı xüsusi material yayımlayıb. Qurum iştirakçı sayına görə öz tarixinin ən böyük turnirinin pərdəarxasından maraqlı məlumatlar paylaşıb.
İdman.Biz xəbər verir ki, yarışda təşkilata üzv milli assosiasiyaların 90 faizini təmsil edən 189 komanda iştirak edir. Bakıya ümumilikdə dörd minə yaxın futbolçu, məşqçi və rəsmi şəxs gəlib.
Turnir 78 ölkə üçün FIFA bayrağı altında keçirilən yarışlarda ilk iştirak təcrübəsi olub.
Çempionatın keçirilməsi üçün Hövsan qəsəbəsində hər biri 68x48 metr ölçüdə olan 20 futbol meydançasından ibarət xüsusi kompleks inşa edilib. Tikintiyə iyulun ortalarında başlanılıb və oktyabrın 24-də burada ilk oyunlar keçirilib.
Altı oyun günü ərzində meydançalarda təxminən 950 qarşılaşmanın təşkili nəzərdə tutulub. Görüşlər səkkizə səkkiz formatında keçirilir və 40 dəqiqə davam edir. Top yan xətdən əllə deyil, ayaqla oyuna daxil edilir.
FIFA turnirin logistikasına da xüsusi diqqət ayırıb. İştirakçılar üçün hər gün təxminən 13 min porsiya yemək hazırlanır. İdman kompleksi ilə Atletlər kəndi arasında isə hər saat reyslər həyata keçirən on avtobus fəaliyyət göstərir.
Nümayəndə heyətləri Böyükşor gölünün yaxınlığında yerləşən Atletlər kəndinin altı binasında məskunlaşıblar. Bu kompleks 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarının iştirakçılarını da qəbul edib. Otaqlar bölüşdürülərkən komandaların dil yaxınlığı belə nəzərə alınıb ki, gənc futbolçular bir-biri ilə ünsiyyət qura və yeni dostluqlar qura bilsinlər.
FIFA-nın gənclər turnirləri üzrə rəhbəri Roberto Qrassi yarışın təşkilində Azərbaycan tərəfinin rolunu xüsusi vurğulayıb:
“Bu, turnirin ilk buraxılışıdır. Hər şeyin yaxşı keçəcəyinə böyük ümid bəsləyirik. Çünki Azərbaycandakı həmkarlarımız, AFFA və yerli təşkilat komitəsi ilə birlikdə çox böyük iş görürük. İstəyirik ki, futbolçular bu turniri ömürləri boyu xatırlasınlar. Ümid edirik ki, onları sevinc və parlaq emosiyalarla dolu bir həftə gözləyir”.
FIFA-nın komandalarla iş üzrə baş meneceri Sofi Laportun sözlərinə görə, hazırlıq prosesində iki-üç ay ərzində milli assosiasiyalarla 11 mindən çox elektron məktub mübadiləsi aparılıb.
Futbol qarşılaşmaları ilə yanaşı, iştirakçılar üçün internet təhlükəsizliyi, ədalətli oyun prinsipləri, idman davranışı və gələcək karyera inkişafına həsr olunan maarifləndirici proqramlar da təşkil edilib.
Turnirin əsas xüsusiyyətlərindən biri bütün komandaların qrup mərhələsindən sonra da mübarizəni davam etdirməsidir. Nəticələrə uyğun olaraq müxtəlif səviyyələrə bölünən yığmalar əsas pley-offa vəsiqə qazanmasalar belə, əlavə oyun praktikası əldə edirlər.
Müxtəlif səviyyələr üzrə final qarşılaşmaları oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək. Yarışın son günündə 12 milli komanda diqqət mərkəzində olacaq.
FIFA turnirin gələcək inkişaf planlarını da açıqlayıb. 2027-ci ildə yarışa qızlardan ibarət milli komandaların cəlb edilməsi, 2028-ci ildən isə turnirin həm oğlanlar, həm də qızlar arasında hər il keçirilməsi nəzərdə tutulur.
