A Seriyası: “Milan” evdə məğlub oldu, “İnter” iki avtoqolla qalib gəldi - YENİLƏNİR + VİDEO

28 Oktyabr 2026 23:32
41
A Seriyası: “Milan” evdə məğlub oldu, “İnter” iki avtoqolla qalib gəldi

İtaliya A Seriyasının doqquzuncu turunda daha üç qarşılaşma keçirilib. Günün ən gözlənilməz nəticəsi Milanda qeydə alınıb. “Bolonya” səfərdə “Milan”ı 4:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “San-Siro” stadionunda keçirilən görüşdə qonaqların heyətində Samuel Mbanqula het-trikə imza atıb.

Belçikalı hücumçu səkkizinci dəqiqədə hesabı açsa da, “Milan”ın yarımmüdafiəçisi Alfadjo Sisse 14 və 27-ci dəqiqələrdə fərqlənərək komandasını önə keçirib.

İkinci hissədə meydan sahiblərinin müdafiəçisi Davide Bartesaqi 61-ci dəqiqədə avtoqol müəllifi olub. Bundan bir dəqiqə sonra Mbanqula “Bolonya”nı hesabda irəli çıxarıb. O, 86-cı dəqiqədə üçüncü qolunu vuraraq qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib - 4:2.

Turun digər görüşündə “İnter” səfərdə “Venesiya”nı 2:0 hesabı ilə məğlub edib. Maraqlıdır ki, Milan təmsilçisinin hər iki qolu rəqib futbolçuların avtoqolu nəticəsində vurulub.

80-ci dəqiqədə “Venesiya”nın ispaniyalı müdafiəçisi Matias Moreno topu öz qapısına göndərib. Cəmi iki dəqiqə sonra meydan sahiblərinin digər müdafiəçisi Reduan Halal da avtoqol müəllifi olub.

“Parma” ilə “Udineze” arasında keçirilən qarşılaşmada isə hesab açılmayıb.

Bu nəticələrdən sonra "İnter" 25 xalla turnir cədvəlində liderdir, eyni xala malik "Latsio" ikinci yerdədir. "Milan" 18 xalla beşinci, "Bolonya" isə 11 xalla 11-cidir. Beş xala malik "Udineze" və "Parma" müvafiq olaraq 17 və 18-ci yerlərdə qərarlaşıblar. "Vensiya" isə üç xalla sonuncu pillədədir.

İdman.Biz