“Barselona” və Fransa millisinin sabiq müdafiəçisi Jeremi Matye futbolçu karyerasını başa vurduqdan sonra yaşadığı çətin dövrdən danışıb.
İdman.Biz “So Foot” nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu 2020-ci ildə aldığı ağır zədənin həyatına ciddi təsir göstərdiyini etiraf edib.
“Sportinq”də aldığım zədədən sonra vəziyyət daha da çətinləşdi. Çarpaz bağlarımın qopması səbəbindən 2020-ci ildə karyeramı bitirdim. Hər şey birdən dayandı. Dizliyim vardı və demək olar ki, heç nə edə bilmirdim. Sonra vəziyyətim getdikcə pisləşdi. Depressiyaya düşmüşdüm. Meydan, paltardəyişmə otağı, birlikdə yaşadığımız anlar üçün darıxırdım.
Bu zədə üzündən futboldan sonrakı həyatıma hazırlaşmağa vaxtım olmadı. Daha iki il oynayacağımı düşünürdüm. Ona görə də baş verənləri psixoloji baxımdan qəbul etmək çətin idi. Çarpaz bağların qopmasının nə demək olduğunu bilirdim. “Tuluza”da oynayarkən də eyni zədəni almış və doqquz ay futbolsuz qalmışdım. Bəzən məşqlərə getmək üçün motivasiyam belə olmurdu. Mən sadəcə oynamaq istəyirdim. Buna görə də birdəfəlik dayanmaq qərarına gəldim”, - deyə Matye bildirib.
Fransalı sabiq müdafiəçi karyerasını başa vurmaq qərarından peşman olmadığını da vurğulayıb:
“Heç nəyə görə peşman olmaq lazım deyil. O vaxt 36 yaşım vardı və əla karyera keçirmişdim. Əlbəttə, oynamağa davam etmək istəyirdim, amma vəziyyət belə alındı. Ailəmi də düşünürdüm. Yaxınlarımla daha çox vaxt keçirmək istəyirdim”.
