İtaliyanın “Napoli” futbol klubu “Udineze”nin mərkəz müdafiəçisi Umar Soleyə yenidən maraq göstərməyə başlayıb. Neapollular 26 yaşlı fransalı futbolçunu yay transfer pəncərəsində də heyətinə qatmağa çalışıblar.
İdman.Biz Football Italia-ya istinadən xəbər verir ki, “Napoli” müdafiəçinin transfer imkanlarını nəzərdən keçirir. Lakin onun yanvarda komandaya qoşulması az ehtimallı hesab olunur.
Ötən yay klublar arasında danışıqlar “Udineze”nin yüksək maliyyə tələbləri səbəbindən nəticəsiz qalıb. Eyni səbəbdən “İnter” də Soledən imtina edib və nəticədə Con Stounsu transfer edib.
Bununla belə, “Napoli”nin qış transfer pəncərəsində əsas prioritetləri yarımmüdafiə və hücum xəttini gücləndirməkdir. Klub müdafiə xəttində daha genişmiqyaslı dəyişiklikləri mövsüm başa çatdıqdan sonra həyata keçirə bilər.
Hazırda Sole ayağından aldığı zədədən sonra bərpa prosesini davam etdirir. Fransalı müdafiəçinin bazar dəyəri 20 milyon avro (40 milyon manat) qiymətləndirilir.
