Famil Xəlilov: “Bu futbolçulara, bu nəslə inanmaq lazımdır”

30 Oktyabr 2026 13:54
70
Famil Xəlilov: “Bu futbolçulara, bu nəslə inanmaq lazımdır”

Azərbaycanın futbol üzrə U-15 millisinin baş məşqçisi Famil Xəlilov FIFA U-15 dünya çempionatında komandanın çıxışını və 84-cü yeri tutmasını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Əlbəttə, daha yaxşı nəticəyə ümid edirdik. Sadəcə, dünənki ağır məğlubiyyətdən sonra futbolçular psixoloji cəhətdən tam toparlana bilmədilər. Onları oyuna kökləməyə çalışdıq, amma təəssüf ki, bəzi məqamlarda yenə boşluqlar hiss olunurdu.

Düşünürdük ki, qrupda ən yaxşı nəticəni göstərək və daha yüksək səviyyəli komandalarla oynayaq. Bununla da uşaqlarımızın çatışmazlıqlarını, boşluqlarını görə bilək. Bizim üçün əsas məsələ bu turnirdə nəyə ehtiyacımız olduğunu müəyyənləşdirmək idi.

Bu futbolçulara, bu nəslə inanmaq lazımdır. Həqiqətən, oyunçularımız çox istedadlıdırlar. Futbolçuların keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var və belə bir turnirdə ilk dəfə çıxış edirlər. Aralarında elə futbolçular var ki, indiyədək ölkə xaricinə çıxmayıblar. İlk beynəlxalq turnirlərində altı gün ərzində 10-cu oyuna çıxmaq onlar üçün çox ağır təzyiqdir.

Əslində, qrup müəyyənləşəndən sonra məqsədimiz birinci yeri tutmaq və daha güclü komandalarla qarşılaşmaq idi. Avstraliya, Haiti və Çili ilə görüşlərdə komandamız kifayət qədər yaxşı çıxış etdi. Sadəcə, müəyyən məqamlarda futbolçular təcrübəsizlikdən boşluqlara yol verdilər və rəqiblər bundan istifadə etdilər.

Bu futbolçuların yetişməsi üçün daha çox beynəlxalq turnirə ehtiyac var. Kifayət qədər oyun keçirməli, daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, belə hallarda oyuna daha yaxşı köklənə və yüksək performans göstərə bilsinlər. Əlbəttə, bu işdə əsas məsuliyyət klubların üzərinə düşür. Uşaqlar üçün daha çox turnirlərin təşkili vacibdir.

AFFA rəhbərliyi bizə dəstək göstərdi. Hər kəs futbolçuların ilk dəfə belə yarışda iştirak etdiyini nəzərə aldı. Həm futbolçuların, həm də bizim üzərimizə çox iş düşür. Çatışmazlıqlarımızı artıq bilirik və onların üzərində işləməliyik. Düşünürəm ki, qarşıdakı müddətdə bu uşaqları növbəti U-17 Avropa çempionatının seçmə mərhələsinə tam şəkildə hazırlamaq imkanımız olacaq”, - deyə Azərbaycanın futbol üzrə U-15 millisinin baş məşqçisi bildirib.

Qeyd edək ki, Bakıda keçirilən FIFA U-15 dünya çempionatında Azərbaycan millisi Əfqanıstana məğlub olaraq 84-cü yeri tutub. Dünya çempionatı bu gün Bakı Kristal Zalında final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə başa çatacaq.

İdman.Biz