Millimizin müdafiəçisi Zamiq Əliyev komandası ilə ilk oyununa çıxdı

5 Avqust 2026 11:57
98
Millimizin müdafiəçisi Zamiq Əliyev komandası ilə ilk oyununa çıxdı

Azərbaycan futbol millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi Albaniyanın “Eqnatiya” komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Albaniya çempionu İrlandiyada “Şemrok Rovers”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Şemrok Rovers”un heyətində Qrem Börk 29-cu dəqiqədə penaltidən fərqlənib. Qonaqlar 41-ci dəqiqədə hesabı bərabərləşdirsələr də, Piko Lopes və Aaron Qrin ikinci hissədə İrlandiya komandasına qələbə qazandırıblar.

Zamiq Əliyev qarşılaşmaya start heyətində başlayıb. 25 yaşlı mərkəz müdafiəçisi 69-cu dəqiqədə Ajetoviçlə əvəzlənib.

Bu, Azərbaycan millisinin üzvünün uzun fasilədən sonra “Eqnatiya”nın heyətində keçirdiyi ilk avrokubok matçı olub. Əliyev mövsüm başa çatdıqdan sonra Azərbaycana qayıtsa da, hərbi xidmətlə bağlı ölkədən çıxışına məhdudiyyət qoyulduğu üçün komandasının hazırlıq prosesinə vaxtında qoşula bilməyib.

İdman.Biz daha əvvəl yazıb ki, müdafiəçi iyunun 8-də Albaniyaya yollanmaq istəsə də, hava limanından geri qaytarılıb. Futbolçu bu səbəbdən klubun yay toplanışını və Çempionlar Liqasındakı ilk oyunlarını buraxıb. O, yaranmış vəziyyətə görə “Eqnatiya” tərəfindən cərimələndiyini və müqaviləsinin ləğv olunmaq təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Sonradan problem həll olunub və müdafiəçi gec də olsa, klubunun düşərgəsinə qoşulub.

Xatırladaq ki, Zamiq Əliyev iki mövsümdə Albaniya təmsilçisi ilə üç titul qazanıb.

Komandalar arasında cavab oyunu avqustun 13-də Albaniyada keçiriləcək.

İdman.Biz