Azərbaycan millisinin və İsrailin “İroni Kiryat Şmona” futbol komandasının yarımmüdafiəçisi Rüfət Abdullazadə yeni klubunda ilk qolunu vurub.
İdman.Biz “Sport5”ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Toto Kubokunun qrup mərhələsinin üçüncü turunda “İroni Tiberias”la səfər qarşılaşmasında fərqlənib.
Rüfət Abdullazadə 61-ci dəqiqədə Ariel Şeratskinin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb. Görüşdə başqa qol vurulmayıb və “İroni Kiryat Şmona” 1:0 hesabı ilə qalib gəlib. Bu, azərbaycanlı yarımmüdafiəçinin İsraildə vurduğu birinci qol olub.
Abdullazadə 52-ci dəqiqədə cərimə zərbəsindən də fərqlənməyə yaxın olub, lakin top dirəyə dəyib. O, qarşılaşmanın 85-ci dəqiqəsində əvəzlənib.
Azərbaycan millisinin üzvü iyunun sonunda Xorvatiyanın “Varajdin” komandasından mövsümün sonunadək icarəyə götürülüb. İsrail təmsilçisi müqaviləyə futbolçunu satın almaq hüququ da əlavə edib.
