AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə DÇ-2026-nın seçmə mərhələsində sabah Bakıda Fransa yığması ilə qarşılaşacaq Azərbaycan millisindən istəkli futbol gözləyir.
İdman.Biz bildirir ki, bunu Report-a açıqlamasında qurum rəsmisi özü deyib.
Sabiq qapıçı futbolçuların bacarıqlarını maksimum ortaya qoymalı olduqlarını vurğulayıb: “Fransa yığmasına qarşı bizi çox çətin və məsuliyyətli oyun gözləyir. Çünki Avropanın nəhəng komandalarından biri ilə qarşılaşacağıq. Futbolçularımız meydanda var güclərini qoymaq, psixoloji cəhətdən hazır olmaq məcburiyyətindədirlər. Bəlkə də qrupda yerini artıq təmin etdiyinə görə Fransa millisi üçün bu matç prinsipiallıq daşımayacaq. İstənilən halda millimiz bacarığını maksimum ortaya qoymalıdır”.
O, Fransa yığmasının heyətində keyfiyyətli futbolçuların yer aldığını bildirib: “Kilian Mbappe zədəli olsa da, onu əvəzləyəcək keyfiyyətli futbolçular var. Azərbaycan yığması da itkilər səbəbindən oyuna tam heyətlə hazırlaşa bilməyəcək. Lakin evdə oynadığımızı nəzərə alsaq, azarkeşlərin də dəstəyi ilə istəkli futbol görmək arzusundayıq. Çətin olacaq, çünki komandalar arasında səviyyə fərqi var. Bu danılmazdır, lakin futbol elə oyundur ki, nəticəni əvvəlcədən təmin etmək çox çətindir”.
C.Həsənzadə noyabrın 13-də baş tutan İslandiya millisi ilə matça (0:2) da toxunub: “İslandiya yığması ilə oyuna komanda çox yaxşı başlamışdı, fəal idi və rəqibdən çəkinmirdi. Fransaya qarşı da düzgün oynamaq vacibdir. Evdə, doğma azarkeşlər önündə sonuncu matçımızı keçirəcəyik. Bu səbəbdən daha inamlı komanda görmək istəyirik”.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da start götürəcək.
