İsrafil Aşurlı: “Xüsusi təyinatlıların Şuşadakı parlaq qələbəsinin şahidi olduq, alpinizm millət üçün cəsarət inyeksiyasıdır” - MÜSAHİBƏ

Müsahibə
23 Sentyabr 2023 10:59
İsrafil Aşurlı: “Xüsusi təyinatlıların Şuşadakı parlaq qələbəsinin şahidi olduq, alpinizm millət üçün cəsarət inyeksiyasıdır” - MÜSAHİBƏ

Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlının İdman.biz saytına müsahibəsi

- Bugünlərdə gənclər və idman naziri Fərid Qayıbovla Heydər zirvəsinə (3751 m) qalxdınız. Təəssüratlarınız necədir?

- Sentyabrın 5-də Fərid müəllimlə Heydər zirvəsinə yürüşü uğurla gerçəkləşdirdik. Bu yürüş ötən ildən planlaşdırılırdı, amma nazirin gərgin iş qrafiki və mənim tez-tez xaricdə ekspedisiyalarda olmağım səbəbindən onu daha əvvəl həyata keçirməyə imkan olmadı. Çox sevinirəm ki, biz düşündüyümüz yürüşü gerçəkləşdirə bildik. Fərid müəllim mətanət və güclü iradə nümayiş etdirdi. Bu, onun həyatında ilk yürüş idi. O da alpinistlər kimi, zirvəyə qalxarkən və oradan enərkən çətinlikləri dəf etdi və ən böyük qələbəni – özü üzərində qələbəni qazandı. Qayıbov ölkəmizin tarixində ilk idman naziridir ki, müxtəlif qaçış, üzgüçülük və digər idman tədbirlərində şəxsən iştirak edir və dağ zirvəsinə qalxıb. O, artıq alpinizmin nə olduğunu öz təcrübəsində bilir.

- Bundan öncə Nepala səfəriniz olmuşdu. Makalunu zirvəsinə yürüşünüz necə keçdi?

- Nepalda bu ilin yazında oldum. Dünyanın hündürlüyünə görə beşinci zirvəsi sayılan Makalunu (8485 m) fəth etdim və Azərbaycanın aktivinə “səkkizminlik”lərin (səkkiz min metrdən hündür dağ zirvələri nəzərdən tutulur, dünyada 14 belə zirvə var – red.) sayca altıncısını gətirə bildim. Yayda isə Pakistana getdim. Planımda dünyanın sayca 9-cu hündür zirvəsinə – Nanqa Parbata (8126 m) qalxmaq vardı. Zirvəyə çox yaxın idim, amma 7400 metr hündürlüyə çatanda yürüşdən imtina etməli oldum, çünki fəlakətə uğramış alpinistlərə yardım göstərməliydim. Əvvəlcə Litvadan və Ukraynadan olan dostlarımla birgə polşalı alpinisti xilas etdik, sonra mən pakistanlı həmkarımıza yardım göstərdim. Xilasetmə işləri üç gün davam etdi və xeyli qüvvəmi aldı. Bu, həmin mövsüm üçün zirvəyə qalxmağa imkan verəcək son şans idi, çünki sonra güclü qar mövsümü gəlir və bu mövsüm uzun müddət davam edir. Mənim əl və ayaq barmaqlarım donmuşdu, çox yorulmuşdum və digər Pakistan zirvəsində bəxtimi sınamaq imkanından imtina etdim. Bu dəfə evə yeni zirvə “gətirmək” mənə qismət olmadı. Amma sevinirəm ki, insan həyatlarını xilas edə bildik. Bu, hər cür zirvədən vacibdir.

- Qarşıda hansı hədəflər var?

- Bu il hündür zirvələrə yürüş planlaşdırmıram. Qüvvəmi bərpa edirəm, tədricən yükü artıraraq məşqlər həyata keçirirəm, 2024-cü il üçün planlaşdırdığım fəthlərə hazırlaşıram. Ümid edirəm ki, yeni mövsüm uğurlu olacaq. Bu, hansı zirvələrdir, onu gələn il əvvəllərində açıqlayacağam. 2024-cü ilin ekspedisiyaları çərçivəsində mən ayda bir dəfə Avropanın ən hündür zirvəsinə - Elbrusa məşq yürüşlərini gerçəkləşdirməyi, eyni zamanda öz dağlarımıza qalxmağı nəzərdə tuturam. Dağlardakı qələbə şəhərlərdə yetişdirilir.

- Sanki, idmançılarınızdan çox siz aktivsiniz...

- Ola bilər ki, Azərbaycan hüdudlarından kənardakı dağ zirvələrinə yürüşlərdə mən daha fəalam. Amma bizim alpinistlər Azərbaycan dağlarına bir çox yürüşlər edirlər. Düzdür, burası da var ki, onlar daha çox kommersiya qrupları daxilində bələdçi kimi fəaliyyət göstərirlər. Yeri gəlmişkən, bu il ilk dəfə Azərbaycandan olan 18 nəfər altı müstəqil qrupun tərkibində Elbrusa yürüş həyata keçirib.

- Federasiyada işlər necə gedir?

- Biz yay mövsümünü başa vurmuşuq. Bir qayda olaraq, bu müddət ərzində bütün alpinistlər öz planlarını gerçəkləşdirmək üçün dağlara gedirlər. İndi biz idman dırmanması üzrə alpinizmin müxtəlif disiplinləri üzrə tədbirlərin keçirilməsi üçün hazırlıq işlərinə başlayırıq. Planlarımızda 2023-cü ilin sonunadək müxtəlif yarışların, festivalların, Federasiya kuboklarının və Azərbaycan çempionatlarının keçirilməsi var. Oktyabrda alpinizm məktəbi də işə başlayacaq. Ötən ilin sentyabrından bəri gördüyümüz işlərə gəlincə, biz idman dırmanması üzrə Azərbaycan çempionatı keçirdik, Beşbarmaqda və Kühül dağında bir sıra yeni qayayadırmanma marşrutları saldıq, qayalarda marşrut hazırlayanlar üçün ustad dərsləri keçirdik, bir neçə beynəlxalq yarışlarda iştirak etdik, alpinizm ulduzlarından birincisi olan Denis Urubkonu mühazirə demək üçün Azərbaycana gətirdik, ilk dəfə buzadırmanma festivalı təşkil etdik, mayda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kütləvi Alpiniada keçirdik və orada müxtəlif nazirliklərlə qurumlardan olan 300 nəfərə qədər iştirak etdi. Gəlmək istəyənlər hədsiz çox idi, amma biz təhlükəsizlik baxımından insanların və yürüşlərin sayını süni şəkildə azaltdıq və təkcə 1-10 may tarixlərində deyil, Heydər Əliyev ili elan olunan bütün 2023-cü il ərzində arzulayanların hamısına Heydər Zirvəsinə qalxmaq imkanı yaratdıq. May ayından bugünədək daha 186 nəfər bu zirvəni ziyarət edib. Bizim veteranlarımız Atatürk zirvəsinə də yeni marşrut saldılar. Biz Bədən Tərbiyəsi və İdman Akademiyası ilə qarşılıqlı əməkdaşlığa başlamışıq, orada kütləvi sağlamlıq-idman növləri açılıb və bu kafedranın fəaliyyət istiqamətləri arasında alpinizm sahəsi də var. Bu kafedra ilə əməkdaşlıq etməyə başlamışıq. Biz öz təcrübə və biliklərimizin tələbələrə ötürülməsində fəal iştirak edəcəyik.

- Yeni tikilən idman mərkəzinizin təmiri nə vaxt bitəcək?

- Oktyabrda “Climb Baku” qayadromunun açılışını edəcəyik. Bu, 2012-ci ildə Geoloji Kəşfiyyat Agentliyinin bazasında qurulub. “Geoloq” klubu 2019-cu ildən 2023-cü ilin əvvəllərinədək qayadromu əsasən kommersiya fəaliyyəti ilə məşğul olan özəl şirkətin icarəsinə verib. İcarə müddəti bitdikdən sonra qayadrom AAF-ın balansına keçdi. Təəssüf ki, bir zaman qayadromu “Geoloq” klubundan icarəyə götürən arendatorlar getdikdən sonra borclarını ödəməyiblər və obyekti də istifadəyə yararsız hala salıblar. Binanı su, istilik, işıqla təmin etmək, duş kabinələrini və ayaqyoluları düzəltmək üçün biz planlaşdırmadığımız xeyli işi görməli olduq ki, idman dırmanması ilə məşğul olmaq istəyənlər burada məşqləri bərpa edə bilsinlər. Mərkəz oktyabrda açılacaq. Eyni zamanda, onu bağlamadan binanın mərhələli təmirini və yenidən qurulmasını da nəzərdə tuturuq.

- 1 il olacaq ki, Alpinizm Federasiyası yeni rəhbərliklə fəaliyyət göstərir. Amma bu bir il ərzində federasiya, kiçik tədbirləri nəzərə almasaq, kütləvi tədbirlər, seminarlar və mətbuatla görüşlər keçirməyib...

- Sizinlə razı deyiləm. 2022-ci ilin sentyabrında fəaliyyətimizə başlayanda biz həm şəhərdə, həm də dağlarda bir sıra müxtəlif miqyaslı kütləvi tədbirlər keçirdik. Təəssüf ki, dağlarda keçirilən tədbirləri işıqlandırmaq üçün jurnalistləri cəlb etmək çətindir, amma əlçatan yerlərdə baş tutacaq tədbirlərə onları fəal şəkildə dəvət edəcəyik. Bir qayda olaraq, mətbuat konfransları ilin yekunları üzrə keçirilir. Ötən il biz bu konfransı keçirmədik, qərara aldıq ki, ümumilikdə 16 ayın yekunlarına həsr olunan mətbuat konfransını dekabr ayına təyin edək.

- Yaxın gələcək üçün hansı planlar var?

- Sentyabrın 16-da biz dərə-təpəlik ərazi olan Dübəndidə 7 kilometrlik gecə qaçışı (trailrunning) təşkil etmişik.
Oktyabrın 7-8-də Korgöz dağı ərazisində Qayayadırmanma Festivalı keçirəcəyik. Bu, dırmanma üçün yeni ərazidir, orada biz yeni marşrutlar üçün hazırlıq işləri görürük. İlin sonunadək bir neçə idman tədbiri keçirməyi nəzərdə tuturuq, bu sırada idman dırmanması sahəsində bir neçə disiplin üzrə respublika çempionatı və draytulinq üzrə Federasiya Kuboku da var. İndi biz bu tədbirlərin keçirilmə tarixlərini dəqiqləşdiririk və onlara hazırlıq görürük. Əlbəttə ki, biz öz dağlarımıza da qalxmağı nəzərdə tutmuşuq, hava şəraiti imkan verən kimi dərs proqramı çərçivəsində alpinizm üzrə lazımi məşğələlər həyata keçiriləcək. 2024-cü il üçün planı barədə isə biz müvafiq təqvim planı təsdiqlənəndən sonra danışa bilərik.

- Bu idman növündə kütləviliyin artırılması üçün nələr lazımdır?

- Kütləviliyin artırılması üçün alpinizm təlimatçılarının-metodistlərin, idman dırmanması və digər disiplinlər üzrə məşqçilərin olması vacibdir. Uyğun infrastruktur – şəhərdə və rayon mərkəzlərində payız, qış və erkən yaz mövsümündə idman dırmanması üçün zallar lazımdır. Bundan başqa, təbiətdə təbii infrastrukturun yaradılması zəruridir. Söhbət qayaydırmanma üzrə yeni marşrutların hazırlamasından, Azərbaycanın müxtəlif regionlarında yerləşən qaya massivlərinin planauyğun şəkildə mənimsənilməsindən, köhnə marşrutların yoxlanılması və dağlarımızda yeni alpinizm marşrutlarının salınmasından gedir. Əlbəttə ki, bu disiplinlər də populyarlaşdırılmalıdır, seksiya və klublar yaradılmalıdır, uşaqlar arasında birinciliklər və böyüklər arasında müxtəlif səviyyəli yarışlar keçirilməlidir, qayayadırmanma festivalları və yay alpinizm düşərgələri təşkil olunmalıdır. Dövlət dəstəyi olarsa, bütün bunları həyata keçirmək olar. Alpinizmin və qayayadırmanmanın təcrübə baxımından dəyəri çox vacibdir. Biz xüsusi təyinatlıların Şuşadakı parlaq qələbəsinin və dağlıq yerlərdəki səmərəli fəaliyyətinin şahidi olduq. Alpinizm millət üçün cəsarət inyeksiyasıdır.

- Növbəti Qış Olimpiadasında yarışlarında alpinizmin növü də olacaq.

- 2026-cı ildə Milanda və Kortina-d Ampetssoda keçiriləcək Qış Olimpiada Oyunlarının proqramında ski-alpinizm ilk dəfə proqrama daxil ediləcək. Hazırda alpinizmin daha bir disiplininin – buzadırmanmanın gələcəkdə Qış Olimpiadasının proqramına qatılması üçün mübarizə gedir.

- Federasiya alpinizmsevərlərə nə vəd edə bilər?

- Biz infrastrukturu inkişaf etdirməyə çalışırıq ki, hər kəs idman dırmanması, alpinizm və onun tətbiqi idman növləri ilə məşğul ola bilsin. Qayalıqlarda və süni relyefdə yeni marşrutların salınması və yerli mütəxəssislərin hazırlanması üçün xarici mütəxəssisləri dəvət edirik. Öz üzvlərimizi xaricə oxumağa göndəririk ki, vətənə qayıdandan sonra biliklərini paylaşa bilsinlər. Ötən ilin oktyabr-noyabr aylarında Bakıxanov qəsəbəsindəki Kühül dağında (Razin dağı) səliqə-sahman işləri apardıq. Həyati təhlükə törədən bütün köhnə avadanlığı yığışdırdıq və qayayadırmanma həvəskarları üçün yeni sertifikatlaşdırılmış sığorta nöqtələri quraşdırdıq, bir neçə yeni marşrut saldıq. Əfsanəvi Beşbarmaqda da yeni marşrutlar çəkildi. Bütün yeni yaradılmış marşrutlar və onların təsvirləri beynəlxalq alpinistlər arasında məşhur olan mobil quraşdırılmaya daxil edilib, burada ölkəmizdəki marşrutlar digər ölkələrdəki qayayadırmanma marşrutları ilə yanaşı təqdim olunur.

May və iyun aylarında 2500 metrədək hündürlükdə turist yürüşləri üçün nəzərdə tutulan bələdçilər üçün təlim keçdik və onların sertifikatlaşdırılmasını həyata keçirdik. Dağ bələdçiləri üçün də eyni prosesin keçirilməsi nəzərdə tutulur. Təbiətdə ailəvi aktiv istirahəti populyarlaşdırmaq üçün də proqram hazırlayırıq. Avqustda Şahdağ yaylasında ilk ailəvi düşərgə hazırladıq. Biz ölkənin bölgələrində yerli klublar və bölmələr yaratmaq istəyən həvəskarları da dəstəkləyirik. Biz federasiyanın səlahiyyət sahəsinə daxil olan fənlər üzrə festivallar, kuboklar və reytinq yarışları keçiririk. Dağlarda, açıq istirahət zonalarında və idman tədbirlərinin baş tutduğu ərazilərdə ətraf mühitin qorunmasına və ekoloji kampaniyaların keçirilməsinə xüsusi diqqət yetiririk və təbii ki, biz müxtəlif müsabiqələr və festivallar təşkil edirik.

Ağa Dadaşzadə

İdman.biz