“Bu idman növü Azərbaycanda yeni yaradılıb”.
Bunu Azərbaycan Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov report.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Gürcüstandakı yarışda bir gümüş və bir bürünc medal qazandınız. Yarışda yığma üzvlərinin qarşısına hansı məqsəd qoyulmuşdu?
- Təmsilçilərimizin mükafatçılar sırasına düşməsi sevindirici haldır. Turnirdə Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan idmançıları mübarizə aparıblar. Azərbaycan yığması yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında 4 - iki kişi və iki qadın idmançı ilə təmsil olunub. Sevindirici haldır ki, medal qazana bildik. Leyla Əhmədova gümüş medala yiyələnib. Kişilər arasında isə Nazim Yusifzadə bürünc medal qazanıb. Son illərdə idman dırmanmasında qazanılan nailiyyətlər daha da artıb. Bu da onlardan biri idi. Təbii ki, gözləntimiz daha yüksək nəticələrdir. Hədəflərimiz var və işlər görülür.
- Bu idman növü ilə bağlı qarşıdakı hədəfləriniz nələrdir? Bu il üçün hansı beynəlxalq yarışlarda iştirak nəzərdə tutulur?
- Bir neçə ildir ki, Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. İlk hədəfimiz olimpiadada iştirakdır. Azərbaycanı bu növdə də təmsil etmək qarşımıza qoyduğumuz ən böyük hədəfdir. Komanda üzvləri bu yaxınlarda, iyulun 16-da İtaliyada beynəlxalq turnirə, Dünya Kubokuna qatılacaqlar. Həmin yarışdan da yaxşı nəticə gözləyirik. Ən azı mükafatçılar sırasına düşəcəyimizə ümid edirik.
- Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istədiyinizi vurğuladınız. Bu, növbəti olimpiada üçün nə dərəcədə realdır?
- Bu idman növü Azərbaycanda yeni yaradılıb. Tam kütləvilik əldə olunmayıb. Amma müəyyən işlər görülür ki, gənclər arasında da tanınsın. Bütün gücümüzü səfərbər etmişik ki, növbəti olimpiadada iştirak edək. Sadəcə, iştirak barədə düşünmürük. Medalla vətənə dönməyi hədəfləyirik. Konkret namizəd idmançılarımız da var. Mütəmadi olaraq məşqlərə cəlb edilirlər. İdmanda hər şey ola bilər.
- İdman dırmanmasında kütləviliyə nail olunması üçün hansı addımlar atılır?
- Mütəmadi olaraq Azərbaycanın bir sıra dağlıq rayonlarında kütləvi tədbirlər təşkil edirik. Dağ yürüşləri, açıq havada qayaya dırmanma və başqa yarışlar keçiririk. Onu da qeyd edim ki, iyulun 4-5-də Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə Quba rayonunun Qrız kəndində “Dağçılıq və Təbiət Turniri - Qrız 2026” keçirilib. Burada təbii qayalar üzərində boulderinq yarışı təşkil olunub. Dağ yürüşü və idman dırmanması üzrə mübarizə də baş tutub. Daha əvvəl Qazaxda, ötən il Şuşada “İgidlərin izi ilə” adlı tədbir təşkil edilib. Məqsəd Şuşanı işğaldan azad edən qəhrəman ordumuzun, əsgər və zabitlərin keçdiyi qayalıq ərazilərdə idmançıların yarışması idi.
- Azərbaycan Alpinizm Federasiyası beynəlxalq turnirlərin ölkəmizdə təşkilində maraqlıdırmı? Bu yöndə işlər görülür?
- Bəli. Planımızda belə tədbir nəzərdə tutulub. Bunun üzərində işlər davam edir. Bu il beynəlxalq tədbirin Azərbaycanda təşkili üçün çalışırıq. Digər ölkələrin federasiyalarından məktublar alırıq. Onlarla mütəmadi olaraq əlaqədəyik, dostluq münasibətlərimiz var. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyası Beynəlxalq İdman Dırmanması Federasiyasının üzvüdür. Beynəlxalq qurumla da qarşılıqlı əməkdaşlıq inkişaf edirik. Bu il üçün beynəlxalq tədbir nəzərdə tutmuşuq.
