İdman dırmanması üzrə Azərbaycan idmançıları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Mikheil Khergiani Cup 2026” beynəlxalq turnirində uğurlu nəticə göstəriblər.
İdman.Biz xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növündə bir gümüş və bir bürünc medal qazanıblar.
Yarışda Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan təmsilçiləri mübarizə aparıblar. Azərbaycan yığması turnirdə məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında dörd idmançı - iki kişi və iki qadınla təmsil olunub. Komandamızın bütün üzvləri təsnifat mərhələsini uğurla keçərək finala yüksəliblər.

Qadınların yarışında Leyla Əhmədova gümüş medala sahib çıxıb. Kişilər arasında isə Nazim Yusifzadə üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Qeyd edək ki, “Mikheil Khergiani Cup” Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növündə təşkil olunur. Reqlamentə əsasən, final mərhələsində qadınlar və kişilər arasında təsnifatın nəticələrinə görə ən güclü səkkiz idmançı mübarizə aparır.
10:36
Azərbaycan idmançıları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Mikheil Khergiani Cup 2026” beynəlxalq idman dırmanması turnirində final mərhələsinə yüksəliblər.
İdman.Biz Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz boulderinq növündə təsnifat mərhələsini uğurla başa vurublar.
Komandamız yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında mübarizə aparır. İdmançılarımız göstərdikləri nəticə ilə finala yüksələn ən güclü iştirakçılar sırasında yer alıblar.
Qeyd edək ki, “Mikheil Khergiani Cup 2026” Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilir. Turnirdə Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan nümayəndələri də iştirak edirlər.
Reqlamentə əsasən, final mərhələsində təsnifatın nəticələrinə görə qadınlar və kişilər arasında ilk səkkiz idmançı mübarizə aparır.
Azərbaycan Alpinizm Federasiyası idmançılarımızı əldə etdikləri nəticə münasibətilə təbrik edib və onlara final mərhələsində uğurlar arzulayıb.
