“Bəzən hər şeyi buraxmaq və mübarizəni dayandırmaq istəyirəm” - Alpinist Elmira Aslanovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

6 İyun 2026 15:18
163
“Bəzən hər şeyi buraxmaq və mübarizəni dayandırmaq istəyirəm” - Alpinist Elmira Aslanovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Everesti fəth edən Azərbaycan alpinisti Elmira Aslanova Şimali Amerikanın ən yüksək nöqtəsi olan Alyaskadakı Denali zirvəsinə (6194 m) qalxmağa cəhd edib.

İdman.Biz xəbər verir ki, alpinist bunu özünə ad günü hədiyyəsi etmək niyyətində olsa da, müəyyən səbəblərdən zirvəyə qalxa bilməyib. Aslanova etiraf edib ki, bir çoxları Denalini Everestdən daha çətin hesab edir.

“Elə düşünürdüm ki, mənim üçün ən çətin məqam ağır çanta və xizəkləri çəkmək olacaq. Amma məlum oldu ki, belə deyil. İlk baxışdan xırda görünən bir sıra səhvlərə yol verdim. Ekspedisiyanın başlamasına cəmi bir gün qalmış Alyaskaya uçdum. Bakı ilə 12 saatlıq vaxt fərqi bütün rejimimi pozdu. Vaxt fərqini heç vaxt bu qədər hiss etməmişdim. Gündüzlər gücsüz zombi kimi olurdum, gecələr isə yata bilmirdim. Sonra bir qədər xəstələndim. Kifayət qədər su içmədiyim üçün orqanizmdə susuzlaşma yarandı. Bələdçi hətta gün ərzində nə qədər su içdiyimi nəzarətdə saxlamağa başladı", – deyə E.Aslanova İdman.Biz-ə bildirib.

O əlavə edib ki, bütün bunlara baxmayaraq, irəliləməyə davam edib:

“Amma ikinci düşərgədən Vindi Korner istiqamətində(Denali marşrutunda yerləşən konkret bir ərazinin adıdır) yük daşıyarkən təxminən üç saat güclü külək altında fasiləsiz hərəkət etdik. Həmin vaxt bələdçidən bir qədər dincəlmək üçün icazə istədim. Əllərimin donduğunu dedim. Məhz bu, bələdçinin məni aşağı endirmək qərarı verməsi üçün son damla oldu. Məni ekspedisiyada saxlamaq üçün etdiyim xahişlərə cavab olaraq dedi: “Elmira, sənin iradə gücünü görürəm və anlayıram ki, sən özün heç vaxt dayanmayacaqsan. Yalnız tam taqətdən düşəndə dayanacaqsan. Mən isə bunu istəmirəm. Mənim işim səni nəyin bahasına olursa-olsun zirvəyə çatdırmaq deyil, sağ-salamat və donvurmadan qorunmuş şəkildə geri qaytarmaqdır”.

Bu qərara bir gün əvvəl başqa bir qrupun üzvünün zirvədən qayıdarkən dağda həyatını itirməsi də təsir göstərdi", – deyə Aslanova vurğulayıb.

İdmançı hazırda Talkitnaya(Alyaskada şəhər) enərək gücünü bərpa edir.

“Amma düzü, çox kədərlənmişəm. Artıq iki ildir ki, Denali arzusunun ardınca gedirəm. Hazırda yalnız məyusluq deyil, həm də yorğunluq hiss edirəm. Özümü tanıyıram, yəqin ki, təslim olmayacağam. Amma bəzən hər şeyi buraxmaq və mübarizəni dayandırmaq istəyirəm”, – deyə Aslanova etiraf edib.

İdman.Biz