Tanınmış alpinist infarkt keçirdi - FOTO

28 İyun 2026 00:36
89
Tanınmış alpinist infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti və dağ bələdçisi Sirxan Məmmədov infarkt keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə fotoqraf Aleksey Lyokin sosial şəbəkədə paylaşım edib.

O, alpinistin səhhətində problem yarandığını yazıb.

“Həkimlər ona uğurla üç stent yerləşdiriblər və hazırda səhhəti tədricən yaxşılaşır. Ona tezliklə tam sağalma, möhkəm can sağlığı və yenidən sevdiyi zirvələrə qayıtmağı arzulayırıq!”, - deyə Lyokin paylaşımında bildirib.

Dağçılıq fəaliyyətinə 2001-ci ildə Şahdağ zirvəsinə (4243 m) çıxaraq başlayan tanınmış alpinist elə həmin ilin 10 mayında Heydər zirvəsini (3751 m) də fəth edib.

Məmmədov 2010 və 2013-cü illərin iyul-avqust aylarında Xan-Tenqri (7010 m), 2011-ci ildə İbn Sina (Lenin) (7130 m), 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m) və elə həmin ilin iyul-avqust aylarında Korjenev (7135 m) zirvələrinə qalxmağı bacarıb.

İdman.Biz