Alpinizm tarixində unikal hadisə baş verib: rusiyalı Rüstəm Nabiyev Everest zirvəsinə yalnız əlləri ilə qalxan ilk insan olub.
İdman.Biz xəbər verir ki, Nabiyev 20 mayda dünyanın ən hündür zirvəsinə çatıb. O, bu uğurunu çətinliklə mübarizə aparan insanlara həsr etdiyini bildirib.
“Bu yüksəlişi indi məni izləyən hər kəsə həsr edirəm. Bu addımla yalnız bir şeyi demək istəyirəm: içinizdə həyat varsa, mübarizə aparın. Xahiş edirəm, sona qədər mübarizə aparın! Buna dəyər!”, - deyə Nabiyev paylaşımında yazıb.

Rüstəm Nabiyevin ayaqları 2015-ci ildə kazarmanın uçması nəticəsində amputasiya edilib. O, dağıntılar altında təxminən yeddi saat qalıb.

1992-ci il təvəllüdlü Nabiyev daha əvvəl də əlləri üzərində Elbrus zirvəsini fəth edib. O, üç ildən çox “Feniks” hokkey klubunda çıxış edib.

