Nepallı alpinizm bələdçisi Kami Rita Şerpa və alpinist Lakpa Şerpa Everestdə yeni tarixi nəticəyə imza atıblar.
İdman.Biz xəbər verir ki, 56 yaşlı Kami Rita Şerpa dünyanın ən yüksək zirvəsi sayılan Everestə (8848,86 m) 32-ci dəfə qalxaraq öz rekordunu yeniləyib. O, bu nəticə ilə Everestə ən çox uğurlu yüksəliş edən alpinist statusunu daha da möhkəmləndirib.
Qadınlar arasında isə 53 yaşlı Lakpa Şerpa tarixi göstəriciyə imza atıb. O, Everestə 11-ci dəfə qalxaraq qadınlar arasında mütləq rekordçu mövqeyini gücləndirib.
Hər iki tarixi nəticə Himalayda davam edən yaz alpinizm mövsümü çərçivəsində qeydə alınıb.
Kami Rita Şerpa Everestə ilk dəfə 1994-cü ildə qalxıb və uzun illərdir Himalay ekspedisiyalarında peşəkar bələdçi kimi fəaliyyət göstərir. Lakpa Şerpa isə Everestə ən çox qalxan qadın kimi alpinizm tarixində xüsusi yer tutur.
Qeyd edək ki, Şerpa Nepalda yaşayan xalqın adıdır və onlar alpinistlərə bələdçi xidməti göstərirlər.
