“Bu mistik dağla yeni görüşün vaxtı çatıb” - İsrafil Aşurlının İDMAN.BİZ-ə AÇIQLAMASI

23 Mart 2026 12:00
181
“Bu mistik dağla yeni görüşün vaxtı çatıb” - İsrafil Aşurlının İDMAN.BİZ-ə AÇIQLAMASI

İsrafil Aşurlı bu il yüksəliş mövsümünü açıb. Tanınmış alpinist hazırda Nepaldadır və regionun ən məşhur trekkinq zirvəsi sayılan Mera Pikə (6 476 m) qalxıb. Bu ekspedisiyanı Everest fatehinin qarşıdakı yeni çağırışlara hazırlıq mərhələsi kimi də dəyərləndirmək olar.

İdman.Biz xəbər verir ki, Mera Pik Everest, Lhotse, Ço-Oyu, Tamserku və Ama-Dablam kimi dağlarla qonşuluqda yerləşir. Məhz buna görə də Mera trekki bu bölgənin ən mənzərəli marşrutlarından biri sayılır və iştirakçılara Kançencanqa, Makalu, Nuptse, Everest, Cənubi Lhotse, Kanqteqa və digər zirvələrə möhtəşəm mənzərə açır.

Aşurlı zirvəyə uğurla qalxıb və yürüşün maraqlı detalını bölüşüb. Belə ki, alpinistin qızı ona səfərə Pikaçu fiqurunu hədiyyə edib və İsrafil bu oyuncağı özü ilə Mera Pikə qədər aparıb.

"Qızın sənə növbəti ekspedisiyaya Pikaçu verəndə bütün sərtliyin yox olur", – deyə Everest fatehi zirvə hücumundan sonra bildirib.

O, həmçinin Annapurna (8 091 m) səkkizminliyinə qalxmaq planlarını da qurur. Bu zirvə də Nepaldə yerləşir. Beş il əvvəl Aşurlı ora qalxmağa cəhd etsə də, əlverişsiz hava şəraiti buna imkan verməyib və o, geri çəkilməli olub. Lakin alpinist bu sirli və müəmmalı dağla yenidən qarşılaşmağa hazırlaşır.

Annapurnanın sirri onun sərt iqlimi və təhlükəli şəraiti ilə bağlıdır. Bu zirvəni fəth etməyə çalışan çoxsaylı alpinistlər həyatını itirib, bəziləri isə itkin düşüb. Yerli sakinlər üçün bu dağ müqəddəs məna daşıyır, güc və mənəvi enerji məkanı hesab olunur. Onlar inanırlar ki, dağın yamaclarında ruhlar və ilahi varlıqlar yaşayır, buna görə də qorunma və xeyir-dua almaq üçün dini ayinlər icra edirlər. Bütün bu mistik rəvayətlər Annapurnanın cazibəsini daha da artırır və onu dünyanın müxtəlif yerlərindən gələn tədqiqatçılar, alpinistlər və mənəvi səyyahlar üçün xüsusi edir. Bütün çətinlik və təhlükələrə baxmayaraq, bu zirvə insanları ilhamlandırmaqda davam edir.

"Annapurnaya ilk cəhdimdən beş il keçir. O zaman geri çəkilməli oldum, amma görünür, bu mistik Dağla yeni görüşün vaxtı çatıb. Üstəlik, alpinizm dünyası ilə bağlı oxuduğum ilk kitab da Annapurna olub", – deyə İsrafil Aşurlı bildirib.

İdman.Biz
Məqalədə: