Alpinist Vəfa Musayeva: “Düşünürdüm ki, bir gün ulduz olacağam” - MÜSAHİBƏ + FOTO

23 Aprel 2026 15:41
186
Alpinist Vəfa Musayeva: “Düşünürdüm ki, bir gün ulduz olacağam” - MÜSAHİBƏ + FOTO

“Ailəmdə bu peşəni icra edənlər çoxdur. Atam və bacım riyaziyyat müəllimidir”.

Bunu Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Azərbaycanın qadın alpinisti Vəfa Musayeva AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Alpinizmə 2016-cı ildə başlamısınız. Cəmi 9-10 ilə dünya zirvələrinə çatmaq üçün gündəlik həyatınızdan nələri qurban verməli oldunuz?

- Mənə indi çox təəccüblü gəlir ki, alpinizmə cəmi doqquz-on il əvvəl başlamışam. Bəzən yeni bir işə başlamaq istəyəndə özümə sual verirəm: görəsən, bunun üçün tezdir, yoxsa artıq gec? Amma sonra alpinizm yadıma düşür. 10 il əvvəl başladım və bu il artıq həmin yolun yubiley ilini tamamlayıram. Zaman çox sürətlə keçir. Əgər insan bu gün nəyəsə başlasa, deməli, növbəti 10 ildə də yeni bir mərhələyə, başqa bir uğura çata bilər. Bu yolda təbii ki, müəyyən qurbanlar da olur. Daha çox vaxtını məşqlərə, hazırlığa və səfərlərə sərf etməli olursan. Bəzən ailədən, dostlardan, gündəlik rahatlıqdan uzaq qalırsan. Amma məqsədin böyük olanda, bu çətinliklər sənin üçün daha çox motivasiyaya çevrilir.

- Ailəniz bu qərarınızı necə qarşıladı?

- İlk vaxtlar ailəm bunu daha normal qarşıladı. Elə düşünürdülər ki, Vəfa sadəcə təbiətə gedir, dağlara çıxır. Şəhərin xaosundan uzaqlaşmaq, iş-güc arasında bir az nəfəs almaq üçün bunu yaxşı və faydalı məşğuliyyət kimi görürdülər. Amma məsələ ciddiləşdikcə, onlar da dağlar haqqında daha çox öyrəndikcə və bunun təkcə təbiət gəzintisi deyil, həm də riskli fəaliyyət olduğunu anladıqca narahatlıq artdı. Açığı, bundan sonra müəyyən problemlər yarandı. Ən ciddi reaksiyanı da anam verdi. O, “Sən ailəlisən, uşaqların var, bu dağlara getməyi dayandır” deyərək ən əsas sualı ortaya qoydu. Amma bütün bunlara baxmayaraq, mən yolumdan dönmədim, fəaliyyətimə davam etdim.

- İngilis dili müəllimisiniz. Ananız sırf müəllim olmağınızı arzulayıb, amma sizin dağlara daha çox marağınız olub. Niyə məhz müəllim?

- Ailəmdə bu peşəni icra edənlər çoxdur. Atam və bacım riyaziyyat müəllimidir. Anam psixologiya üzrə təhsil alsa da, daha çox bağçalarda və müxtəlif loqoped qruplarda müəllim kimi fəaliyyət göstərib. Qardaşım isə əvvəl başqa ixtisas üzrə oxusa da, sonradan istiqamətini dəyişib və hazırda idman müəllimi kimi çalışır. Mən də bu ənənəni davam etdirərək ingilis dili müəllimi oldum.

Açığı, bu seçim tam mənim istədiyim istiqamət deyildi. Mən daha çox incəsənətə və idmana meyilli idim. Amma anam məni inandırmağa çalışırdı ki, əvvəlcə təhsil alım, ingilis dilini yaxşı səviyyədə öyrənim, universiteti bitirdikdən sonra isə istədiyim sahəni seçməkdə sərbəst olum. Lakin proses düşündüyüm kimi getmədi. Bakalavr təhsilini başa vurduqdan sonra anam yenə məni yönləndirdi ki, təhsilimi davam etdirim, magistratura oxuyum və daha da inkişaf edim. Nəticədə magistraturanı da bitirdim.

- İncəsənətə marağınız haradan gəlir?

- Uşaqlıqdan incəsənətə böyük marağım olub. Həmişə düşünürdüm ki, bir gün ulduz olacağam. Hətta universitet illərində belə özümü qırmızı xalça üzərində təsəvvür edirdim. Aktrisa olmaq arzusu kifayət qədər güclü idi və uzun müddət maraq dairəmdə qaldı. Sonradan, xüsusilə Azərbaycanda təhsil aldığım dövrdə bu sahədə daha çox axtarış etdim. Amma həmin illər incəsənət üçün bir növ keçid dövrü idi. Qeyri-stabil mühit var idi, sanki heç nə tam formalaşmamışdı. Bu da məndə tərəddüdlər yaratdı və özümü bu sahədə tam görə bilmədim. Buna baxmayaraq, müxtəlif kastinqlərə qatıldım, bir çox yerlərə müraciət etdim və hətta bəzi təkliflər də aldım. Lakin bunu ailəmlə bölüşəndə anam qəti şəkildə qarşı çıxdı və “bizim evdən aktrisa çıxmaz” dedi. Bu məqamda anladım ki, bu yolu seçmək mənim üçün çətin olacaq. Nəticədə ixtisasım üzrə, yəni müəllimlik sahəsində fəaliyyətimi davam etdirməyə qərar verdim.

- Təkliflər aldığınızı söylədiniz...

- Everesti fəth etdikdən sonra ictimai fiqur kimi tanındığıma görə idmanla bağlı reklam çəkilişləri və müxtəlif layihələr üçün dəvətlər gəlməyə başladı. Hazırda bir neçə şirkətlə əməkdaşlığım var və yaxın zamanda bu işlərin nəticələri də ictimaiyyətə təqdim olunacaq. Film sahəsi ilə bağlı da maraqlı təkliflər var. Mənim haqqımda bir film ideyası üzərində işləyirik. Hələlik layihənin adı dəqiqləşməyib, hazırda ideya mərhələsindəyik və müəyyən çəkilişlərə də başlanılıb. Proses davam edir və dəyişikliklər mümkündür. Bundan əlavə, xarici bir şirkətdən təklif almışam. Onlar layihəni daha çox serial və ya bədii film formatında təqdim etməyi planlaşdırırlar. Bu istiqamətdə artıq ilkin danışıqlar aparılıb. Hələ heç nə tam dəqiqləşməyib, amma yeni imkanların yarandığını demək olar. Hazırda bu təklifləri dəyərləndirirəm.

- Film sizin həyat hekayənizə əsaslanacaq?

- Əslində ilkin mərhələdə məsələ birbaşa mənim həyat hekayəm yox, daha çox alpinizm mövzusu üzərində qurulurdu. Onlar mənim təcrübələrimi dinlədikcə bu hekayəni ssenariyə çevirmək qərarına gəldilər və mövzunun kifayət qədər maraqlı olduğunu qeyd etdilər. Sonradan isə gördüm ki, əslində mənim şəxsi hekayəm də kifayət qədər diqqətçəkəndir. Bu səbəbdən düşündüm ki, bəlkə də baş rolu özüm canlandıra bilərəm. Bu sahəyə marağımın olub-olmadığını soruşdular, mən də marağımın olduğunu bildirdim. Təbii ki, bunun üçün peşəkar hazırlıq vacibdir. Aktyorluq dərsləri, təcrübə və müəyyən mərhələlərdən keçmək lazımdır. Kamera qarşısında obraz yaratmağın asan olmadığını anlayıram. Hazırda bu istiqamətdə danışıqlar davam edir. Nəticənin necə olacağı hələ dəqiq deyil. Layihə həm yerli, həm də xarici şirkətlərlə müzakirə olunur. Gürcüstan və Türkiyə tərəfi də maraq göstərir.

4 yaşında qızınız var. Onun sizin davamçınız olmasını istəyərdiniz?

- Açığı, övladlarımın mütləq mənim yolumu davam etdirməsi kimi bir gözləntim yoxdur. Bu, mənim üçün prioritet məsələ deyil. Bir ana kimi ən vacib istəyim odur ki, övladlarım sağlam və xoşbəxt olsunlar. Onların gələcəkdə hansı peşəni seçəcəkləri özlərindən asılıdır. Həyat təcrübəmdən də görmüşəm ki, valideyn müəyyən istiqamət versə belə, insan sonda yenə öz yolunu tapır. Mənim həyatımda da bu cür olub. Seçimlərdə anamın rolu olsa da, nəticədə öz istiqamətimi müəyyənləşdirmişəm. Düşünürəm ki, övladlarım da zamanla, yaşadıqları təcrübələr vasitəsilə öz yollarını tapacaqlar. Mən isə sadəcə onların sağlam və xoşbəxt olduqlarını görmək istəyirəm.

- Dağda elə bir an olubmu ki, hər şeyi buraxıb geri dönmək istəmisiniz?

- İndiyə qədər dağda elə bir an olmayıb ki, hər şeyi buraxıb geri dönmək istəyim. Təbii ki, qarşıda hələ çox zirvələr, çox sınaqlar var və bu təcrübələrin mənə nə gətirəcəyini zaman göstərəcək. Amma bu günə qədər belə bir hiss yaşamamışam. Ümid edirəm ki, bundan sonra da yaşamaram.

Müsahibələrinizdə "Everest mənim müəllimimdir" deyirsiniz. Maraqlıdır Everest sizə hansı dərsi verib?

- Bunu bir kəlmə ilə ifadə etmək olar, amma bu, Everestin mənə yalnız bir dərs verdiyi anlamına gəlmir. Oradan qayıtdığım gündən indiyə qədər hər zaman Everestdən, onun mənə öyrətdiklərindən və oradan gətirdiyim hekayələrdən danışıram. Ən böyük dərslərindən biri səbirdir. Müasir şəhər həyatında səbir bəlkə də ən az rast gəlinən, amma ən dəyərli keyfiyyətlərdən biridir. Everestə qalxmaq isə elə bir sınaqdır ki... Təsəvvür edin, 8 min metrdən yüksək zirvədir və ekspedisiya minimum 20–25 gün, bəzən isə 60 günə qədər davam edir. Mən həmişə deyirəm ki, zirvəyə çatmaq üçün fiziki gücdən daha vacibi məhz səbirdir. Əgər səbir yoxdursa, nə qədər güclü və hazırlıqlı olsanız belə, zirvəyə çatmaq mümkün deyil. Digər vacib dərs isə zamanı gözləməyi bacarmaqdır. Dağlarda zirvəyə qalxmazdan əvvəl hər zaman şəraiti dəyərləndiririk. Hava uyğun deyilsə, gözləyirik, doğru anı seçirik. Everestin mənə verdiyi əsas mesaj da budur. Həyatda hər şeyin öz zamanı var və o anı gözləməyi bacarmaq lazımdır.

- Alpinizm həm çox bahalı, həm də riskli idmandır. Müsahibələrinizin birində “Həyatımda heç vaxt cüzdanım və ya pul kartım sıfır olmamışdı” demisiniz. Sizcə, bir zirvə üçün bu qədər xərcə və riskə dəyərmi?

- Açığı, kənardan baxanda mən də eyni sualı verərdim. Bu qədər xərc və bu qədər risk qarşılığında bir zirvəyə qalxmaq çoxlarına “dəyməz” kimi görünə bilər. Amma bu yolu keçmiş biri kimi deyə bilərəm ki, həmin prosesdə yaşadığım daxili dəyişiklik, dönüş nöqtələri və şəxsi inkişaf bunu mənim üçün tam mənası ilə dəyərli edir. Alpinizm təkcə fiziki fəaliyyət deyil, həm də mənəvi və psixoloji yolçuluqdur. Bu, bir növ öyrənmə prosesidir. Sanki fərqli bir universitetdir. Sadəcə fərqi ondadır ki, bu universitetin bir ucunda hər zaman risk və ölüm təhlükəsi dayanır. Buna baxmayaraq, düşünürəm ki, dəyər. Hətta həyatımda elə bir mərhələ olub ki, kartımda balans sıfıra düşmüşdü. Qayıtdıqdan sonra da bir müddət bunun çətinliyini yaşadım. Nə fiziki olaraq tez toparlana, nə də dərhal işə qayıda bilirdim. Bu, mənim üçün kifayət qədər ağır dövr idi. Amma həmin mərhələni də keçdim. Bu təcrübə mənə sıfırdan başlamağı, heç nəyin olmadığı nöqtədə belə ayaqda qalmağı öyrətdi. Everest mənim üçün yalnız zirvə deyil, həm də bu cür həyat dərslərinin mənbəyidir.

- Everestdə gözünüzün qarşısında insanların həyatını itirməsinə şahid olmusunuz. Belə bir anda öz missiyanıza necə fokuslana bilirsiniz?

- Həyatda heç kim ölümdən sığortalanmayıb. Bəzən ən adi gündə belə tanıdığımız insanların dünyasını dəyişməsi xəbərini eşidirik. Bu, həyatın qaçılmaz bir gerçəyidir. Biz bunu qəbul edib həyatımıza davam edirik. Yeyirik, içirik, işləyirik, yaşayırıq.

Dağlarda isə bu reallıq daha kəskin şəkildə qarşına çıxır. Elə insanlar olur ki, belə anlarla üzləşəndə geri dönmək qərarı verirlər, çünki orada həyatlarını itirmək istəmirlər. Amma eyni zamanda anlayırsan ki, ölüm yalnız dağda deyil, aşağıda da var, sadəcə burada daha görünən və daha sərtdir. Belə məqamlarda insan istər-istəməz özünə sual verir: “Mən bura niyə gəlmişəm?” Bu sual bəzən səni dayandırır, bəzən isə əksinə, davam etməyə güc verir. Təbii ki, bu anlar çox ağırdır. Kənardan danışmaq asandır, amma realda kiminsə gözünün qarşısında həyatını itirməsi insan üçün çox çətin təcrübədir. Buna baxmayaraq, insan sonda içində güc tapır. Xatırlayırsan ki, bu yola çıxanda nələrdən keçməyi qəbul etmisən. Ailəni, övladlarını, gündəlik həyatı, bir sözlə, hər şeyi gözə alaraq buralara gəlmisən. Bütün bunlara baxmayaraq, qərar verirsən ki, davam edəcəksən.

- Sırada hansı zirvə var? 7 Zirvə layihəsini tamamlamağı planlaşdırırsınızmı?

- Bu yola çıxanda həm ailəmdən, dostlarımdan, yaxın çevrəmdən, həm də tanımadığım insanlardan dəstək almışdım və öz imkanlarımı da bu prosesə qatmışdım. Zirvəyə gedən yolda çox sayda idmançı görürdüm. Bəzən idmançıların geyimləri sponsorların loqoları ilə o qədər dolu olurdu ki, formanın öz rəngini seçmək belə çətin idi. Orada başa düşdüm ki, belə bir yola tək çıxmaq həm fiziki, həm mənəvi, həm də maddi baxımdan çox çətindir və bu, artıq hamıya məlum bir həqiqətdir. Everestdən qayıtdıqdan sonra özümə söz verdim ki, bundan sonrakı zirvələrə mütləq dəstək ilə gedəcəyəm. Hazırda bir neçə şirkət və qurum buna maraq göstərir, əməkdaşlıq və sponsorluqla bağlı təkliflər var. Əgər bu əməkdaşlıqlar reallaşarsa və hər şey müsbət dəyərləndirilərsə, növbəti zirvəyə, hər dağın öz mövsümünə uyğun olaraq ilk fürsətdə yola düşməyi planlaşdırıram.

- İncəsənətlə yanaşı, idmana da marağınızın olduğunu vurğuladınız. Hansı idman növü sizi daha çox cəlb edir?

- Çox gözəl sualdır, amma etiraf edim ki, bu barədə məndən ilk dəfədir soruşulur. Özüm də bunu tez-tez düşünürəm. Dağlarda olarkən digər dağçılardan da eşitmişəm ki, alpinizmin də bir yaşı var. Yəni 55–60 yaşdan sonra artıq yüksək dağlara çıxmaq tövsiyə olunmur, çünki hündürlük, təzyiq və risklər daha da artır. Bu barədə düşünmüşəm ki, bəlkə bir gün mən də yalnız kiçik zirvələrlə kifayətlənəcəyəm, çünki dağlar mənim üçün hər bir halda dəyərli qalacaq. Amma eyni zamanda özümə həmişə bir sual verirəm: əgər mən həqiqətən bir idman növü ilə daha peşəkar səviyyədə məşğul olmaq istəsəm, bu, hansı ola bilər? 2026-cı il üçün idman səfiri seçildiyimə görə hazırda müxtəlif idman növlərini izləmək və daha yaxından tanımaq imkanım var. Bu sahələr arasında məni xüsusilə cəlb edənlərdən biri kamandan oxatma və güllə atıcılığıdır. Hətta düşünürəm ki, bu istiqamətdə kifayət qədər yaxşı bacarığım da ola bilər. Mümkündür ki, bir gün bu maraq daha ciddi istiqamət alsın. Amma eyni zamanda özümə xatırladıram ki, insan 10 il əvvəl nə olacağını bilmədiyi kimi, 10 il sonra da harada olacağını dəqiq deyə bilmir. Ona görə də düşünürəm ki, əgər insanın marağı varsa, onu sınamaqdan çəkinməməlidir. Mən də bunu edə bilərəm. Hələlik isə bu, qəti qərar deyil, daha çox zamanın nə göstərəcəyi ilə bağlı bir ehtimaldır.

- Bəs futbol necə?

- Mənim bununla bağlı maraqlı bir xatirəm var. O vaxt atletika ilə məşğul olurdum. Həyatımda dağlar da var idi, amma əsas məqsədim fiziki hazırlığımı gücləndirmək idi. Bir gün müəllimim ABŞ-yə köçdü. Getməzdən əvvəl mənə dedi ki, “narahat olma, səni başqa bir müəllimə yönləndirəcəyəm” və əlaqə üçün nömrə verdi. O gedəndən sonra həmin nömrə ilə əlaqə saxladım. Qısası, özümü bir futbol meydançasında tapdım. Orada futbolçular məşq edirdi və mən düşündüm ki, bu, sadəcə fərqli bir qrupdur və mən atletika üzrə məşqlərimi davam etdirəcəyəm. Amma müəllim dedi ki, “formanı geyinəcəksən və bizimlə məşq edəcəksən”. Mən də bunu fiziki hazırlıq kimi qəbul etdim. Lakin məşqlər davam etdikcə gördüm ki, artıq futbol komandasının içindəyəm və real məşq prosesinə qoşulmuşam. Daha sonra müəllim mənə dedi ki, “səndə potensial var, sən yaxşı futbol hakimi ola bilərsən”. Mən isə izah etdim ki, futbola marağım olsa da, bu mənim ixtisasım və yolum deyil. Beləliklə, həmin təcrübə maraqlı bir epizod kimi yadda qaldı, amma mən öz istiqamətimə, yəni atletika və sonradan alpinizm yoluna davam etdim.

İdman.Biz
Məqalədə: