“Əsas məqsədimiz azərbaycanlı qayayadırmananları Olimpiadaya göndərməkdir” - Federasiya baş katibinin İDMAN.BİZ-ə AÇIQLAMASI

8 Avqust 2026 16:44
115
“Əsas məqsədimiz azərbaycanlı qayayadırmananları Olimpiadaya göndərməkdir” - Federasiya baş katibinin İDMAN.BİZ-ə AÇIQLAMASI

İyulun 25-də İtaliyanın Arko şəhərində başa çatan idman qayayadırmanması üzrə dünya çempionatında Azərbaycan yeniyetmələrdən ibarət yığmasının tarixində ilk dəfə iştirak etməsi ölkədə bu idman növünün inkişafına böyük təkan verəcək.

Bu barədə Azərbaycan Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov İdman.Biz-ə açıqlamasında bildirib.

Baş katibin sözlərinə görə, bu səfər azərbaycanlı idmançılara dəyərli beynəlxalq təcrübə qazanmaq imkanı verib:

“İdmançılarımız dünya qayayadırmanması nümayəndələri ilə görüşdülər, onların təcrübəsi ilə tanış oldular, yeni texnikalara yiyələndilər. Müxtəlif divar növləri və növlər var: çətinlik, sürət və bouldering. Onlar yeni marşrutlarla, həmçinin daha mürəkkəb dırmanma üsulları ilə tanış oldular. Bu, həqiqətən də ölkəmizdə qayayadırmanmasının inkişafına çox böyük töhfə verir”.

Sənan Rəsulov qeyd edib ki, dünya çempionatına qədər yeniyetmələrdən ibarət yığmanın bəzi üzvləri artıq xarici turnirlərdə mükafatçılar sırasında yer alıblar. Gələcəkdə onların beynəlxalq yarışlarda iştirakı davam edəcək.

“Biz Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının (IFSC) üzvüyük və onun təqvimini daim izləyirik, bizim üçün uyğun olan yarışlarda iştirak etməyə çalışırıq. Bunun üçün hazırda müvafiq hazırlıq da aparılır. Qarşıda dünya kuboku var və ora böyüklərdən ibarət komanda göndərmək planımız var”.

Federasiyanın baş katibi bildirib ki, təşkilat yeni başlayan idmançılara da böyük diqqət ayırır:

“Biz daim belə turnirlərdə iştirak etmək üçün yeni, gənc idmançılar hazırlayırıq. Xarici məşqçilər dəvət edirik ki, onlar idmançılara yeni marşrutların qurulmasını və onların keçilməsini öyrətsinlər. Son bir neçə ildə qayayadırmanmasına maraq xeyli artıb. Bu, müəyyən qədər riskli idman növüdür, ona görə də valideynlər əvvəlcə ehtiyatla yanaşırlar. Lakin bizdə zəruri təhlükəsizlik tədbirləri nəzərdə tutulub. Böyüklər buna əmin olduqdan sonra uşaqlarını rahatlıqla zala gətirirlər”.

Rəsulov qeyd edib ki, hazırda məhdudiyyətlərdən biri ölkədə cəmi bir qayayadırmanma zalının olmasıdır. Həmin zal 8 Noyabr prospektində yerləşir:

“Bizdə cəmi bir qayayadırmanma zalı var. Hər il onu dünya standartlarına uyğun şəkildə yeniləyirik. Həmçinin təbii qayalar da var. Məsələn, Sabunçu rayonunda və Nardaranda. Orada da mövsümi məşqlər keçirilir – əsasən yay aylarında, həmçinin qış aylarında”.

Sənan Rəsulovun sözlərinə görə, Federasiya Olimpiadada iştirak etməyə çalışır, lakin bunun nə vaxt mümkün olacağını söyləmək hələ tezdir:

“Ən böyük məqsədimiz Olimpiya Oyunlarında iştirak etməkdir. Məhz buna görə artıq müəyyən işlər görürük və hazırlıq aparırıq. Bunun nə vaxt baş verəcəyini söyləmək çətindir, çünki bu, idmandır və burada hər şey dəyişə bilər”.

İdman.Biz