Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Everest zirvəsini fəth edən Vəfa Musayevaya həsr olunmuş “Sıfırı bir etdim” sənədli filminin təqdimatında çıxış edib.
İdman.Biz xəbər verir ki, nazir Vəfa Musayevanın qazandığı uğurun Azərbaycan qadınları üçün böyük nümunə olduğunu bildirib.
“Vəfa xanım haqqında danışmaq çətindir. Amma düşünürəm ki, bir-iki sözlə fikrimi çatdırmalıyam. Burada olanlar Vəfa xanımı yaxşı tanıyır. Qadın, Azərbaycan qadını Everest zirvəsini fəth etdi. Bu, heç də asan iş deyil. O, qadının gücünü göstərdi və biz onunla fəxr edirik. Atdığı addımla minlərlə gənc Azərbaycan qadınına nümunə oldu”, - deyə Fərid Qayıbov bildirib.
Nazir filmin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəldiyini də qeyd edib:
“Bu, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çəkilmiş növbəti filmdir. İndiyə kimi gənclərə, gənc idmançılara nümunə olan idmançılarımız haqqında bir neçə film çəkilib. “Sıfırı bir etdim” filminin çəkilməsi üçün də Vəfa xanım bizə çox gözəl material verdi. Buna görə ona təşəkkür edirik”.

Qeyd edək ki, “Sıfırı bir etdim” sənədli filmi Vəfa Musayevanın Everest zirvəsini fəth etməsindən və bu uğura gedən yolundan bəhs edir.
13:53
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında çəkilən “Sıfırı bir etdim” sənədli filmi nümayiş olunur.
İdman.Biz xəbər verir ki, ekran işi Musayevanın dağlara olan sevgisindən, alpinist kimi keçdiyi yoldan və dünyanın ən yüksək zirvəsi Everestə yüksəlməsindən bəhs edir.
Film “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının proqramına daxil edilib.
Sənədli filmin rejissoru və ssenari müəllifi Rüstəm Babazadədir. Operator Natiq Sadıxov, montajçı Ülvi Babayev, prodüser isə Əli-Səttar Quliyevdir.
Filmdə Vəfa Musayevanın yalnız idman uğuru deyil, bu uğurun arxasında dayanan uzunmüddətli hazırlıq, həyat seçimi və dağlara bağlılığı da əks etdirilib.
Qeyd edək ki, Vəfa Musayeva 2025-ci ilin mayında Everest zirvəsinə qalxaraq dünyanın ən yüksək nöqtəsini fəth edən ilk azərbaycanlı qadın kimi tarixə düşüb.
Orxan Fuladi
