Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatına start verilib - FOTO/VİDEO

22 Oktyabr 2026 15:00
156
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatına start verilib - FOTO/VİDEO

Oktyabrın 22-də Bakıda Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, “Climb Baku” İdman Dırmanma Mərkəzində təşkil olunan çempionatın açılışında Azərbaycan Alpinizm Federasiyasının prezidenti Ağakərim Səmədzadə iştirak edərək çıxış edib.

Federasiya prezidenti çıxışında idman dırmanmasının dünyada sürətlə inkişaf etdiyini, Olimpiya proqramında əhəmiyyətinin artdığını vurğulayıb. O, Bakının 2013 və 2014-cü illərdə Dünya Kuboku yarışlarına ev sahibliyi etdiyini xatırladaraq Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu bildirib.

Ağakərim Səmədzadə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdikləri uğurlara da toxunub. Federasiyanın əsas hədəfinin yalnız beynəlxalq yarışlara ev sahibliyi etmək deyil, həm də həmin yarışlarda qalib gələn idmançılar yetişdirmək olduğunu qeyd edib.

Çıxışının sonunda federasiya prezidenti iştirakçılara uğurlar arzulayaraq çempionatı açıq elan edib.

22-25 oktyabr tarixlərində keçirilən çempionatda 16 yaş və daha yuxarı yaş qrupundan olan qadın və kişi idmançılar çətinlik və boulderinq növləri üzrə mübarizə aparırlar.

Yarış proqramına əsasən, 22-23 oktyabr tarixlərində çətinlik, 24-25 oktyabr tarixlərində isə boulderinq növü üzrə təsnifat və final mərhələləri keçiriləcək.

Qeyd edək ki, çempionat oktyabrın 25-də mükafatlandırma və rəsmi bağlanış mərasimi ilə başa çatacaq.

Foto: İslam Atakişiyev

İdman.Biz