İsrafil Aşurlu: “Dağ öz yerində dayanacaq və bizi gözləyəcək”

17 Oktyabr 2026 12:48
99
İsrafil Aşurlu: “Dağ öz yerində dayanacaq və bizi gözləyəcək”

Azərbaycanlı alpinist İsrafil Aşurlu yenidən Nepala ekspedisiya edib.

İdman.Biz xəbər verir ki, apreldə dünyanın onuncu ən hündür zirvəsi olan Annapurnaya (8 091 metr) qalxdıqdan sonra o, Himalay dağlarına qayıdaraq planetin yeddinci ən hündür səkkizminliyi olan Dhaulagiriyə (8 167 metr) qalxmağa cəhd edib.

Aşurlu bildirib ki, əslində, Dhaulagiriyə qalxmağı hələ aprel ayında planlaşdırıb. Lakin Annapurnaya yürüş zamanı aldığı donvurma xəsarətləri buna mane olub.

“Annapurnaya qalxdıqdan sonrakı səhər – aprelin 19-da üçüncü düşərgədə oturub qərbə baxırdım. Buludların üzərindən əzəmətli Dhaulagiri ucalırdı. Annapurnadan dərhal sonra bu zirvəyə qalxmaq arzumla vidalaşdım. Çünki qalxış gecəsi aldığım donvurma xəsarətləri təcili təxliyə tələb edirdi...

Beş ay sonra isə bu dağın ətəyindəyəm. Yeni və köhnə komanda yoldaşlarımla birlikdə əlverişli hava şəraitinin qısa müddət davam edəcəyi fürsətdən yararlanaraq zirvəyə qalxmağa çalışacağıq”, – deyə Aşurlu bildirib.

Lakin bu dəfə də zirvəni fəth etmək mümkün olmayıb.

“Təəssüf ki, Dhaulagiriyə ilk cəhddə qalxmağın hər kəsə nəsib olmadığını göstərən statistikanın bir hissəsinə çevrildik.

Dağa baxarkən Moris Hersoqun “Annapurna” kitabında 1950-ci ildə Dhaulagirini ilk dəfə görən Lionel Terrayın sözlərini xatırlayıram: “Dhaulagiri heç vaxt fəth edilməyəcək...” – deyə Aşurlu təəssüratlarını bölüşüb.

O, ekspedisiyada birlikdə iştirak etdiyi beynəlxalq komandanın üzvlərinə də müraciət edib:

“Bizi bir araya gətirən köhnə və yeni dostlarım, ruhdan düşməyin. Dağ öz yerində dayanacaq və bizi gözləyəcək.

Bu, yaxşı təcrübə oldu. Ümid edirəm ki, gələcəkdə bu təcrübə bu gün yarımçıq qalan işimizi başa çatdırmağa kömək edəcək. Yeni görüşədək, Dhaulagiri!”

İdman.Biz