“Bizim stend həm ərazisinə, həm də rəngarəngliyinə görə fərqlənir” - Sima Səfərovanın İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO

28 Noyabr 2026 10:08
46
“Bizim stend həm ərazisinə, həm də rəngarəngliyinə görə fərqlənir” - Sima Səfərovanın İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO

“Sərgidə Azərbaycan Alpinizm Federasiyasının stendi həm ərazisinə, həm də rəngarəngliyinə görə fərqlənir”.

Bu sözləri Azərbaycan Alpinizm Federasiyasının İdarəetmə Heyətinin üzvü Sima Səfərova “ExpoSport Azerbaijan 2026” sərgisində İdman.Biz-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, federasiya özündə həm dağçılığı, həm də idman dırmanmasını birləşdirir, ümumilikdə alpinizm anlayışına isə haykinq, trekinq, kempinq və idman dırmanması daxildir.

Sima Səfərova qeyd edib ki, idman dırmanması Olimpiya növüdür və artıq iki dəfə Olimpiya idman növü kimi təmsil olunub; Azərbaycandan hələlik akkreditasiyadan keçib lisenziya qazanılmasa da, bu sahədə uşaqların üzərində iş aparılır.

O, həmçinin azərbaycanlı alpinistlərin uğurlarını diqqətə çatdıraraq ilk azərbaycanlı qadın alpinist Vəfa Musayevanın həm Everest, həm də Lhotse zirvələrinə eyni ekspedisiya çərçivəsində ardıcıl qalxdığını, son illərdə Elmira Aslanovanın texniki baxımdan çətin zirvələrdən sayılan Ama Dablamı fəth etdiyini bildirib. Özünün isə milli yığmanın üzvü Leyla Əhmədova ilə birlikdə ilin əvvəlində, yanvar ayında Argentinada yerləşən Akonkaqua zirvəsinə qalxdığını vurğulayıb.

Bununla yanaşı, Sima Səfərova federasiyanın yenidən akkreditasiyadan keçərək üç ildir fəaliyyət göstərdiyini, lakin ciddi problemlərlə üzləşdiklərini açıqlayıb.Onun sözlərinə görə, mövcud məşq yeri dünya standartlarına uyğun deyil, köhnə “zatsepka” və tutacaqlarla məşq edərək beynəlxalq yarışlarda yüksək yer tutmaq qeyri-mümkündür.

Səfərova həmçinin təəssüflə qeyd edib ki, milli yığma komandanın məşqçisi yoxdur, o cümlədən özü və digər üzvlər özbaşlarına məşq edirlər. Buna baxmayaraq, bildikləri və təcrübələrini gənclərə, uşaqlara və yeniyetmələrə ötürür, imkan düşdükcə isə onları ölkə xaricindəki yarış və tədbirlərə göndərərək təcrübə toplamalarına çalışırlar.

Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” idman sərgisi noyabrın 28-dək davam edəcək. Ziyarətçilər tədbir çərçivəsində müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış ola biləcəklər. Həmçinin ustad dərsləri, interaktiv oyunlar, idman nümayişləri, hədiyyəli viktorinalar və avtoqraf sessiyaları təşkil olunacaq.

İdman.Biz