Müşfiq Səmədli: “Dağlara marağın artması sevindiricidir, lakin bu sahədə nəzarət olmalıdır” - MÜSAHİBƏ + FOTO

26 Oktyabr 2026 13:56
105
Müşfiq Səmədli: “Dağlara marağın artması sevindiricidir, lakin bu sahədə nəzarət olmalıdır” - MÜSAHİBƏ + FOTO

“Dağlara marağın artması sevindiricidir, lakin bu sahədə nəzarət olmalıdır”.

Bunu alpinist, Azərbaycan Alpinizm Federasiyasının meneceri Müşfiq Səmədli AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

— Hazırda Nepalda hansı zirvəni və ya marşrutu fəth edirsiniz? Ekspedisiyanın bu mərhələsi necə keçir?

— Artıq Everestin baza düşərgəsinə çatmışam. İki gündür yavaş-yavaş aşağıya doğru enirəm.

— Son illərdə alpinizm fəaliyyətinizdə hansı yeniliklər olub və hansı zirvələri fəth etmisiniz?

— İki il ərzində Afrika qitəsinin ən yüksək zirvəsi olan Kilimancaronun Uhuru zirvəsində, 5895 metr yüksəklikdə olmuşam. Həmçinin Everestin baza düşərgəsinə, 5364 metr yüksəkliyə çatmışam.

— Azərbaycanda alpinizmə və dağ yürüşlərinə maraq artır. Sizcə, ölkəmizdə bu sahənin inkişafı üçün hansı addımlar atılmalıdır?

— Ölkədə dağ yürüşlərinə qatılanların və dağlara gedənlərin sayında xeyli artım var. Marağın artması çox yaxşı haldır. Sadəcə olaraq, bu sahəyə nəzarət gücləndirilməlidir. Əks halda, müəyyən problemlər üzə çıxa bilər.

— Son illərdə iqlim dəyişikliyinin Azərbaycan dağlarına təsirini necə müşahidə edirsiniz? Bu dəyişikliklər alpinistlər üçün hansı çətinliklər yaradır?

— Mən deyərdim ki, son iki ildir dağlarımızda, əksinə, yağıntılar çoxalıb, buz və qar örtüyü artıb.

— Alpinizmdə komanda işi və qarşılıqlı etimad nə dərəcədə əhəmiyyətlidir? Ekspedisiya iştirakçısı seçərkən onun hansı xüsusiyyətlərinə diqqət yetirirsiniz?

— Alpinizmdə ən önəmli məsələ qüruru kənara qoymaq, komanda ilə işləməyi bacarmaqdır. Əks halda, ekspedisiya uğursuz ola və ciddi təhlükələr yarana bilər.

Mən deyərdim ki, alpinizmdə insanın rəqibi dağ və təbiət olduğu üçün hər zaman eqodan uzaq, səbirli, təmkinli və yoldaşlığı bacaran biri olmaq lazımdır.

— “Climb Baku” İdman Dırmanma Mərkəzində keçirilən ölkə çempionatı Azərbaycanda bu idman növünün inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir? Belə yarışlar yeni idmançıların yetişməsinə və beynəlxalq arenada rəqabət qabiliyyətinin artmasına necə təsir göstərə bilər?

— Hər keçirilən tədbirin mütləq, faydası var. Ümid edək ki, ölkəmizin fərqli yerlərində də dırmanma zalları, həmçinin alpinizm və dağ bələdçiliyi üzrə təlim mərkəzləri açılar.

İdman.Biz