Everestə qalxan alpinist Elmira Aslanova üçün yayda həyata keçirilən zirvə yürüşləri olduqca gərgin və zəngin keçib. O, Şimali Amerikanın ən yüksək nöqtəsi olan Denali zirvəsinə (6 194 metr), eləcə də planetin ikinci ən yüksək dağı Çoqoriyə (K2 8,611 metr) qalxmağa cəhd göstərib. Lakin hər iki zirvə hələlik alpinist üçün fəth olunmamış olaraq qalır.
İdman.Biz-ə müsahibəsində Elmira Aslanova bildirib ki, müəyyən obyektiv və subyektiv səbəblərdən hər iki ekspedisiya zirvəyə hücumla başa çatmasa da, həyat təcrübəsi baxımından bu yürüşlər ona çox şey qazandırıb.
“Bu yay iki çox vacib zirvəyə qalxa bilməməyim mənə təsəvvür etdiyimdən daha çox şey verdi. Onlar mənə öz daxilində hansı yolu keçdiyimi göstərdi. Həmçinin bir çox şeyi dərk etməyə imkan yaratdı. Yəqin ki, ən əsas məqamlardan biri uğur və uğursuzluqlarımla özümü eyniləşdirməyi dayandırdığımı başa düşməyimdir.
Bəli, nailiyyətlərim dəyişə bilər, planlarım həyata keçməyə bilər. Amma bundan daxili keyfiyyətlərim nə azalır, nə də artır. İrəliləməyə davam etmək lazımdır”, - deyə E.Aslanova qeyd edib.
Onun zirvəyə qalxma prosesinin özünə daxili münasibəti də dəyişib.
“Əvvəllər hansısa zirvəyə çata bilmirdimsə və ya nəsə plana uyğun getmirdisə, bu, məni aylarla ruhdan sala bilirdi. İndi başa düşürəm ki, bunun arxasında həyatımı nəzarətdə saxlamaqla bağlı böyük istək dayanırdı. İlk baxışdan elə görünür ki, nəzarət yaxşı şeydir. Çalışırsan, planlaşdırırsan, hesablayırsan, əlindən gələni edirsən. Amma fərq etdim ki, nəzarətim çox olanda güvənim çox az olur. Bu zaman isə gərginlik və qorxu yaranır. Daha çox güvənməyə başlayanda isə intuisiyamı daha yaxşı eşidirəm və həyat özü qarşıma lazımi insanları və əlverişli vəziyyətləri çıxarır. Nəsə plana uyğun getməyibsə, bəlkə də Allah məni sadəcə hansısa şeydən qoruyub”, - deyə E.Aslanova danışıb.
Alpinistin fikirlərində fəlsəfi çalarlar da hiss olunur:
“Bizə çox vaxt elə gəlir ki, həyatı məhz zirvədə hiss edirik. Halbuki həyat artıq zirvəyə gedən yolda baş verir və bu yolu nə ilə dolduracağımıza yalnız özümüz qərar veririk. Ən əsası isə yolda həyatın özünü görüb-görməməyimizdir. İndi, deyəsən, əvvəlkindən daha çox ən sadə şeylərdə xoşbəxtliyi görürəm”.
Qeyd edək ki, E.Aslanova özünün sözlərinə görə, Denali zirvəsinə (6194 metr) qalxmasına hazırlıq zamanı yol verilən bir sıra səhvlər və bunun üzərinə orqanizmin susuzlaşması mane olub. K2-yə hücum isə yüksək qar uçqunu riski səbəbindən ləğv edilib.
Xatırladaq ki, alpinist ötən il İndoneziyanın Yeni Qvineya adasında yerləşən Puncak-Caya zirvəsinə (4 884 metr) qalxıb, daha sonra isə Antarktidanın ən yüksək nöqtəsi olan Vinson zirvəsinə (4 892 metr) yüksəlib.
