Türkiyəli alpinistlər şəhidlərimizin xatirəsini Haçadağın zirvəsində anıb - FOTO

Xəbərlər
26 Fevral 2024 12:06
Türkiyəli alpinistlər şəhidlərimizin xatirəsini Haçadağın zirvəsində anıb - FOTO

Xocalı soyqrımının 32-ci ildönümü ilə əlaqədar yürüş təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, yürüş səhər saatlarında Culfa rayonu Gal kəndindən start götürüb və iştirakçılar zirvəyə qədər 9 km məsafə qət ediblər.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan yürüşə qardaş ölkənin İstanbul, Antalya, Qars, Ağrı, Elazığ və İğdır bölgələrindən gələn, aralarında peşəkar və həvəskar alpinistlər olmaqla 40 nəfər, eləcə də 10 nəfər yerli ekstrimsevər qatılıb. Çətin relyefdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və mövcud risklərin idarə olunması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları da aksiyaya cəlb ediliblər.
İştirakçılar tərəfindən 2415 m yüksəklikdə – Haçadağın zirvəsində Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsi şəhidləri yad edilib, hər iki ölkənin dövlət himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar səsləndirilib. Yürüş başa çatdıqdan sonra iştirakçılara təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, alpinist qrupları üçgünlük səfər proqramı çərçivəsində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin, eləcə də Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidələrini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Bundan əlavə, qonaqlar muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına baş çəkiblər.

İdman.biz

Məqalədə: