“Burda olmağdan xoşbəxdəm. Çox gözəl təşkilatçılıq var. Döyüş yaxşı keçdi”.
İdman.biz xəbər verir ki, bunu “Rizin”in Bakıda keçirilən “Landmark 7” beynəlxalq turnirinin ilk döyüşündə qalib gələn latviyalı Hasan Meziyev (93 kq) deyib.
O, Konstantin Merkulovu (Qazaxıstan) ilk raundda boğucu fəndlə məğlub edib. Meziyev bildlirib ki, döyüşündən razı qalıb: “Mənə görüşün tez və ya gec bitməsi fərq etmir. Əsası qalib gəlməyimdir. Döyüş çox çəksəydi, azarkeşlər üçün daha yaxşı olardı. Amma nəticəmdən məmnunam. Planı düzgün qurmuşdum. Rəqib mənim üçün fərq etmirdi. Planım işə yaradı və qalib gəldim”.
Meziyev Azərbaycanın təşkilatçılığını yüksək dəyərləndirib: “İlk olaraq Azərbaycana qonaqpərvərliyə görə təşəkkür edirəm. Hər şey çox gözəl təşkil olunub. Liqa hər şeyin yaxşı keçməsi üçün əlindən gələni edib. Milli Gimnastika Arenasında hər şey yüksək səviyyədə idi”.
Qeyd edək ki, “Landmark 7” turnirinin əsas döyüşü Vüqar Kərəmov ilə Çihiro Suzuki (Yaponiya) arasında keçiriləcək.
Emin Ağa
İdman.biz