Raul Rosas rəqibini nokaut etdi, braziliyalını xərəkdə apardılar - VİDEO

27 Sentyabr 2026 10:01
78
Raul Rosas rəqibini nokaut etdi, braziliyalını xərəkdə apardılar - VİDEO

Meksikalı MMA döyüşçüsü Raul Rosas Las-Veqasda keçirilən “UFC Fight Night 289” turnirinin əsas döyüşündə braziliyalı Raoni Barselosu məğlub edib.

İdman.Biz xəbər verir ki, yüngül çəki dərəcəsində keçirilən qarşılaşma beşinci raundda başa çatıb.

Döyüşün son raunduna qədər Barselos üstün mövqedə olub. Rəsmi hakim protokollarına əsasən, braziliyalı döyüşçü beşinci raund ərəfəsində hər üç hakimin hesabında öndə gedib.

Həlledici epizodda Rosas rəqibini qəfəsə sıxıb, klinçə daxil olduqdan sonra onu yerə çırpıb. Zərbədən sonra Barselos huşunu itirib və hakim dərhal döyüşü dayandırıb.

Rəsmi nəticəyə əsasən, Raul Rosas beşinci raundun birinci dəqiqə 38-ci saniyəsində nokautla qalib elan olunub.

Barselos nəticə elan edilən zaman da özünə gəlməyib. Braziliyalı döyüşçü tibbi heyətin müdaxiləsindən sonra xərəkdə oktqondan çıxarılıb və xəstəxanaya aparılıb.

Rosas qarşılaşmadan sonra rəqibinin vəziyyətindən narahatlığını bildirib və azarkeşləri Barselos üçün dua etməyə çağırıb.

Bu qələbə ilə 21 yaşlı Rosas peşəkar karyerasında göstəricisini 13 qələbə və bir məğlubiyyətə çatdırıb. O, ardıcıl altıncı qələbəsini qazanıb.

Barselos isə karyerasında 22 qələbə fonunda altıncı məğlubiyyətini alıb.

İdman.Biz