Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev “The Ultimate Fighter 34” (TUF 34) şousunun Məhəmmədəli Osmanlı ilə Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu arasında keçirilən final döyüşünü şərh edib.
İdman.Biz xəbər verir ki, Fiziev Azərbaycan və Qırğızıstan təmsilçilərinin dünyanın ən məşhur döyüş realiti-şoularından birinin finalına yüksəlməsinin reallığı ilə fəxr etdiyini bildirib.
“TUF əfsanəvi döyüş şousudur. Dünyanın hər yerindən insanlar ora düşmək, qalib gəlmək və bütün bu sınaqlardan - ağır məşqlərdən, döyüşlərdən, çəki salmaqdan, münaqişələrdən, daimi kameralar və müsahibələrdən keçmək arzusundadırlar. Təsəvvür edin ki, finalda türk mənşəli iki döyüşçü qarşılaşır. Mən şəxsən bununla fəxr edirəm. Mən də türkəm, Mərkəzi Asiyada doğulub böyümüşəm. Biri qırğız, digəri azərbaycanlı olan iki türkün belə əfsanəvi şounun finalına çıxması mənim üçün böyük qürurdur”, - deyə Fiziev bildirib.
Onun sözlərinə görə, finalın necə başa çatması hər iki döyüşçünün əldə etdiyi nailiyyətin dəyərini azaltmır:
“Mənim üçün sonda hər şeyin necə bitməsi o qədər də vacib deyil. Bu iki oğlanla fəxr edirəm. Mərkəzi Asiyadan və ya Azərbaycandan belə bir şouya düşməyin nə qədər çətin olduğunu təsəvvür edirsiniz? Ora çatmaq üçün nə qədər böyük yol keçmək lazımdır. Onlar isə sadəcə şouya düşmədilər, finaladək irəlilədilər”.
Fiziev Osmanlının diskvalifikasiyasına səbəb olan epizoda da toxunub. Azərbaycanlı döyüşçü birinci raundda rəqibinin baş nahiyəsinə qadağan olunmuş diz zərbəsi endirdiyinə görə diskvalifikasiya edilib.
“Təəssüf ki, döyüşü sona qədər izləyə bilmədik. Hər şey qayda pozuntusu ilə başa çatdı. Azərbaycanlı döyüşçümüz bundan nəticə çıxaracaq və qaydaları daha yaxşı öyrənəcək. Qırğız döyüşçü qalib oldu. Əlbəttə, hər şeyin məhz belə yekunlaşması xoş deyil. Amma bütün rəqiblərini məğlub edərək finala çıxan iki türklə fəxr edirəm. Bu, həqiqətən çox gözəldir”, - deyə o vurğulayıb.
Fiziev sonda bu nəticənin türk dünyası üçün əhəmiyyətini də qeyd edib:
“Bu, bütün türk dünyası üçün böyük hadisədir. Biz güclü oğlanlarıq”.
