Azərbaycanlı qarışıq döyüş növləri üzrə döyüşçü Məhəmmədəli Osmanlı UFC-nin “The Ultimate Fighter” (TUF) realiti-şousunun 34-cü mövsümündə növbəti döyüşünə hazırlığını davam etdirir.
İdman.Biz xəbər verir ki, hazırda Osmanlı Las-Veqasda yerləşən məşhur Syndicate MMA zalında UFC-nin yüngül çəki dərəcəsində keçmiş çempionu Merab Dvalişvili ilə birlikdə məşq edir.
Azərbaycanlı döyüşçü üçün hazırkı məşq düşərgəsi xüsusi əhəmiyyət daşıyır, çünki o, TUF-34-ün yarımfinalına hazırlaşır. Osmanlının rəqibi ABŞ-li Kristian Stronq olacaq. Osmanlı - Stronq cütü layihənin 1/4 final mərhələsi başa çatdıqdan sonra formalaşdırılıb.
Osmanlı bu ilin yazında sözügedən mövsümün iştirakçısı olub. Azərbaycanlı döyüşçü yüngül çəki dərəcəsində çıxış edir və UFC-nin keçmiş çempionu Maykl Bispinqin komandasını təmsil edir. Layihənin ikinci komandasına isə UFC-nin Şöhrət Zalının digər üzvü Daniel Kormye rəhbərlik edir.
1/4 finalda Azərbaycan təmsilçisi mövsümün favoritlərindən biri olan və Kormyenin yüngül çəki dərəcəsində döyüşçülər arasında ilk seçimi sayılan Artyom Belaxla qarşılaşaraq özünü parlaq şəkildə göstərib. Osmanlı arxadan boğma fəndi tətbiq edərək döyüşü elə ilk raundda başa vurub və yarımfinala yüksəlib.
Bu qələbədən sonra Azərbaycanlı döyüşçünün peşəkar rekordu 12 qələbə və bir məğlubiyyətə çatıb. Osmanlı həmçinin qələbə seriyasını 9 döyüşə yüksəldib. O, qələbələrinin əhəmiyyətli hissəsini vaxtından əvvəl - sabmişn və nokautlarla qazanıb.
“The Ultimate Fighter” UFC-nin perspektivli döyüşçülərin axtarışı üzrə ən məşhur layihələrindən biridir. İştirakçılar Las-Veqasda yaşayır və məşq edir, UFC-nin tanınmış nümayəndələrinin rəhbərliyi altında uduzanın mübarizəni dayandırdığı turnirdə çıxış edirlər. 34-cü mövsümün finalçıları layihənin həlledici döyüşlərində UFC ilə altırəqəmli müqavilə uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.
İndi Osmanlı finaldan cəmi bir addım məsafədədir. Azərbaycanlı döyüşçü əsas qarşılaşmaya hazırlığını UFC döyüşçülərinin də məşq etdiyi Las-Veqasın məşhur zallarından biri olan Syndicate MMA-da keçirir.
