İki azərbaycanlı MMA döyüşçüsü ABŞ-də rinqə çıxacaq

15 Oktyabr 2026 17:54
121
İki azərbaycanlı MMA döyüşçüsü ABŞ-də rinqə çıxacaq

Azərbaycanlı MMA döyüşçüləri Mirəli Hüseynov və Amin Qasımov oktyabrın 17-də ABŞ-də növbəti qarşılaşmalarına çıxacaqlar.

İdman.Biz xəbər verir ki, təmsilçilərimiz Kaliforniya ştatının Sakramento şəhərində keçiriləcək “Urijah Faber's A1 Combat” turnirində mübarizə aparacaqlar.

31 yaşlı Mirəli Hüseynovun rəqibi UFC-də çıxış təcrübəsinə malik rusiyalı Vyaçeslav Borşşev olacaq. Döyüş razılaşdırılmış çəki həddində keçiriləcək və gecənin əsas qarşılaşması kimi nəzərdə tutulub.

Hüseynov peşəkar MMA karyerasında 15 görüş keçirib. O, 10 qələbə qazanıb, beş dəfə məğlub olub. Azərbaycanlı idmançı səkkiz rəqibini nokaut və ya texniki nokautla məğlub edib, bir qələbəsini təslimetmə, digərini isə hakimlərin qərarı ilə əldə edib.

Onun rəqibi Borşşev isə peşəkar karyerasında səkkiz qələbə, səkkiz məğlubiyyət və bir heç-heçə qeydə alıb. Rusiyalı döyüşçü altı qələbəsini nokaut və ya texniki nokautla qazanıb.

Qeyd edək ki, 34 yaşlı Borşşev 2022-2025-ci illərdə UFC-də çıxış edib. O, dünyanın nüfuzlu MMA təşkilatında keçirdiyi 10 qarşılaşmada üç qələbə qazanıb, altı dəfə məğlub olub, bir görüşü isə heç-heçə başa vurub.

Turnirdə iştirak edəcək digər Azərbaycan təmsilçisi Amin Qasımov isə ABŞ-li Cermi Henri ilə üz-üzə gələcək. Qarşılaşma yarımyüngül çəki dərəcəsində keçiriləcək.

Qasımovun peşəkar MMA karyerası 12 qələbə və üç məğlubiyyətdən ibarətdir. Onun rəqibi Henri isə 19 görüş keçirib. ABŞ-li idmançı 10 qələbə qazanıb, doqquz dəfə məğlub olub.

Qeyd edək ki, qarşılaşmaların keçiriləcəyi “A1 Combat 37” turniri oktyabrın 17-də Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

İdman.Biz