Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov noyabrın 14-də Nyu-Yorkda keçiriləcək “UFC 334” turnirində iştirak edə bilməyəcək.
İdmançının özü İdman.Biz-ə bildirib ki, zədə səbəbindən “Medison Skver Qarden” arenasında braziliyalı Cefferson Nasimento ilə döyüşə bilməyəcək. Üstəlik, rəqibi də zədə səbəbindən qarşıdakı tədbirdə iştirakdan imtina edib.
“Yaxşı və pis xəbərim var. Pis xəbər odur ki, əvvəllər elan edilmiş döyüşdə iştirak edə bilməyəcəyəm. Təlim-məşq toplanışının lap əvvəlində zədə aldım və artıq beş həftədən çoxdur ki, onun fəsadları ilə mübarizə aparıram. Əvvəlcə vəziyyətə uyğunlaşmağı və buna baxmayaraq, oktaqona çıxmağı planlaşdırırdım.
View this post on Instagram
Lakin rəqibim zədə səbəbindən döyüşdən çəkildi. Buna görə də komandamla birlikdə UFC-yə məlumat vermək qərarına gəldik ki, onlar mənə əvəzləyici axtarmasınlar.
Yaxşı xəbər isə ondan ibarətdir ki, əməliyyata ehtiyacım olmayacaq və uzunmüddətli bərpa prosesi keçirməyəcəyəm. Bu zədənin öhdəsindən gələcəyəm və mümkün qədər tez sıraya qayıdacağam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Tezliklə görüşərik”, - deyə Sadıxov bildirib.
O, sonuncu dəfə iyun ayında Bakıda keçirilən UFC turnirində oktaqona çıxıb. Həmin vaxt rəqibi braziliyalı Mateus Kamilo olub. Kamilo birinci raundun 1-ci dəqiqə 31-ci saniyəsində texniki nokautla qələbə qazanıb.
Sadıxovun peşəkar karyerasında ümumilikdə 11 qələbə, üç məğlubiyyət və bir heç-heçə var. UFC-dəki göstəricisi isə dörd qələbə, iki məğlubiyyət və bir heç-heçədir.
