Azərbaycanlı döyüşçü Nazim Sadıxovun ötən il məğlub etdiyi braziliyalı İsmael Bonfim artıq UFC-nin üzvü deyil.
İdman.Biz xəbər verir ki, 30 yaşlı idmançı bir neçə gün əvvəl argentinalı Fransisko Pradoya ilk raundda texniki nokautla uduzub. Bonfim həmin qarşılaşmadan əvvəl çəki limitini də üç kiloqramdan çox keçib.
Braziliyalı döyüşçü UFC-də çıxış etdiyi müddətdə iki dəfə çəkiölçmə mərhələsindən uğurla keçə bilməyib. Onun iştirakı ilə keçirilməli olan daha bir qarşılaşma isə çəki salmaqla bağlı problemlərə görə ləğv edilib.
Qeyd edək ki, Nazim Sadıxovun ötən il Las-Veqasda təşkil olunan UFC Fight Night 251 turnirində Bonfim üzərində qazandığı qələbə ilin ən yaddaqalan hadisələrindən biri kimi qiymətləndirilib.
Bonfim UFC-də debütünü 2023-cü ilin yanvarında keçirib və Terrens MakKinnini ikinci raundda nokautla məğlub edib. Lakin sonrakı altı döyüşünün beşində vaxtından əvvəl məğlubiyyətlə üzləşib. Pradoya qarşı son uğursuz çıxışı isə onun UFC karyerasının başa çatması ilə nəticələnib.
Maraqlıdır ki, Bonfim UFC-yə vəsiqəni digər azərbaycanlı döyüşçü Nəriman Abbasov üzərində qazandığı qələbə sayəsində əldə edib. Onların qarşılaşması 6 sentyabr 2022-ci ildə ABŞ-nin Las-Veqas şəhərindəki UFC Apex arenasında Dana Uaytın İddiaçılar Seriyasının altıncı mövsümünün yeddinci buraxılışı çərçivəsində baş tutub.
Braziliyalı döyüşçü hakimlərin yekdil qərarı ilə (30:27, 30:27, 29:28) qalib gələrək UFC ilə müqavilə imzalamaq hüququ qazanıb.
Beləliklə, Bonfimin dünyanın ən güclü MMA təşkilatındakı karyerası azərbaycanlı idmançı üzərində qələbə ilə başlayıb. Onun uğursuzluqla nəticələnən son dövrünün əsas məqamlarından biri isə digər təmsilçimiz Nazim Sadıxova məğlubiyyəti olub.
