Azərbaycanlı MMA döyüşçüsü Nihad Quliyev “Vendetta Fight Nights 52” turnirində uğurlu çıxış edib. Avstriyanın Baden şəhərində keçirilən yarışda Bred Vilerlə qarşılaşan idmançımız ilk raundda rəqibini nokautla məğlub edərək “Vendetta Fight Nights” Qran-prisində növbəti mərhələyə yüksəlib.
Peşəkar karyerasında məğlubiyyət yaşamayan Quliyev bu qələbədən sonra rekordunu 6:0-a çatdırıb. O, hazırda Qran-prinin əsas mükafatı uğrunda mübarizəni davam etdirir.
İdman.Biz Nihad Quliyevlə son döyüşü, Qran-pridəki hədəfləri, növbəti mərhələ və karyerasının gələcəyi barədə danışıb.
- “Vendetta Fight Nights 52”də Bred Vilerlə keçirdiyiniz döyüşü necə qiymətləndirirsiniz? Qarşılaşma gözlədiyiniz kimi keçdi?
- Bəli, planlaşdırdığımız kimi oldu. Bəzi səhvlərimiz var, onların üzərində işləyirik.
- Döyüşü ilk raundda nokautla başa vurdunuz. Bu, əvvəlcədən hazırladığınız planın bir hissəsi idi, yoxsa döyüş zamanı yaranan fürsətdən istifadə etdiniz?
- Döyüşə başlamazdan əvvəl hər üç raunda hazır oluruq. Hər şey plana uyğun getdi, düşündüyümüz kimi ilk raundda döyüşü bitirdik.
- Bred Vilerin döyüş üslubu ilə bağlı əvvəlcədən hansı məlumatlara sahib idiniz və ona qarşı hansı taktikanı hazırlamışdınız?
- Boksçunun məktəbinin yaxşı olduğunu bilirdik. Ona görə də döyüşü ayaqüstə aparmağa və öz üstün tərəflərimizi göstərməyə çalışdıq.
- Qran-pridə ilk qələbənizi qazandınız. Növbəti mərhələdə əsas hədəfiniz nədir? Turnirin digər iştirakçıları arasında qarşılaşmaq istədiyiniz döyüşçü varmı?
- Heç bir fərqi yoxdur, kimi versələr, versinlər. Mənim işim ora gedib ikinci və üçüncü mərhələləri də qazanaraq çempion olub kəməri vətənə gətirməkdir.
- Qran-prinin əsas mükafatı uğrunda mübarizə aparırsınız. Özünüzü bu mübarizəyə nə qədər hazır hesab edirsiniz və qalib olmaq üçün nələri daha da təkmilləşdirməlisiniz?
- Ruslan Məmmədhəsənovun peşəkar məşqləri və komandamızın əziyyəti sayəsində çox yüksək səviyyədə hazırlaşmışıq. Hamıdan güclü olduğumuzu sübut edəcəyik, inşallah.
- Rekordunuzu 6:0-a çatdırmısınız. Karyeranızın bu mərhələsində qarşıya qoyduğunuz ən böyük məqsəd nədir?
- Bu, hələ karyeramın başlanğıcıdır. Qısa bir vaxtda bu uğura və digər uğurlara imza atmışıq. Çata biləcəyimiz ən yüksək nəticəyə nail olacağıq, inşallah.
- Sonda, bu qələbədə sizə dəstək olan komandanıza və azarkeşlərə nə demək istərdiniz?
- Mənə dəstək olan hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Dəstək olmağa davam edin, izləmədə qalın. Hər şey çox yaxşı olacaq.
