UFC rəhbəri Dana Uayt “UFC White House - Freedom 250” turnirinin mətbuat konfransında yaşanan qalmaqala münasibət bildirib.
İdman.Biz xəbər verir ki, hadisə məğlubiyyətsiz amerikalı ağır çəkili Coş Hokit ilə yüngül çəkidə UFC çempionu İliya Topuriya arasında baş verib. Hokit Aleks Pereyranı təhqir etdikdən sonra Topuriya mübahisəyə qoşulub və gərginlik təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə başa çatıb.
“Mən bu uşaqlardan kiminsə heç bir məna daşımayan axmaq şeyə görə zədə almasını istəmirəm. Xüsusən də söhbət bir-biri ilə heç vaxt döyüşməyəcək adamlardan gedirsə. Hokitlə bağlı bu vəziyyət mənə ümumiyyətlə klounluq kimi görünür. Amma adam çıxdı və qalib gəldi. Reytinqdə olmayan döyüşçü dünyanın beş nömrəsinə qarşı çıxdı və qazandı”, – deyə Uayt bildirib.
UFC rəhbəri İliya Topuriya və Aleks Pereyranın adətən sakit idmançılar olduğunu, lakin bu dəfə vəziyyətin gözlənilmədən gərginləşdiyini deyib:
“İliya və Aleks adətən kifayət qədər sakit adamlardır. Düzdür, İliya bəzən özündən çıxa bilir. Biz bunu gözləmirdik. Hamısı eyni sırada yan-yana oturmuşdu. Şon O’Melli geri çəkilməyə başlayanda düşündüm ki, siz mənimlə zarafat edirsiniz? Mənim yeganə narahatlığım çəkiölçmə mərasimində Çimayevlə Striklend arasında nəsə baş verməməsi idi. Amma hazır olacağıq. Bu, bizim işimizdir”.
