ABŞ-li boksçu və bloqer Ceyk Pol qarışıq döyüş növləri (MMA) qaydaları üzrə iki böyük ulduzdan biri - məğlubedilməz rusiyalı döyüşçü Həbib Nurməhəmmədov və ya UFC-nin sabiq çempionu, irlandiyalı Konor Makqreqorla qarşılaşmaq niyyətində olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, “Complex News”a müsahibə verən Pol bu döyüşlərin dünyada ən çox səs gətirəcək hadisələrdən biri olacağını vurğulayıb.
Aparıcının Donald Trampın Həbiblə döyüşü görmək istəyi barədə sualına Ceyk belə cavab verib:
“Bəli, məncə, bu, möhtəşəm bir qarşılaşma olardı. İstənilən varianta hazıram. Mənim Makqreqorla və ya Həbiblə MMA qaydaları üzrə döyüşüm qlobal səviyyədə ən nəhəng hadisələrdən biri ola bilər. Bunun üçün Həbibi təqaüddən geri döndərməliyik”.
Ceyk Pol Həbib Nurməhəmmədovun qayıdışı üçün maliyyə stimulu ilə bağlı fikirlərini də bölüşüb:
“Xeyr, məsələnin pulda olduğunu düşünmürəm. Bəlkə bu, hansısa xeyriyyə məqsədi və ya birlikdə edə biləcəyimiz faydalı bir iş naminə olarsa, onun marağını çəkə bilər. Məsələn, Dağıstanda kənd salmaq və ya buna bənzər bir layihə. Mən buna tam hazıram”.
Xatırladaq ki, Həbib Nurməhəmmədov 2020-ci ildə 29-0 rekordu ilə karyerasını başa vurub və dəfələrlə geri qayıtmayacağını bəyan edib. Konor Makqreqor isə sonuncu dəfə 2021-ci ildə Dastin Poryeyə qarşı döyüşüb.
