UFC-nin yarımorta çəki dərəcəsində reytinqin ikinci pilləsində qərarlaşan irlandiyalı Yan Harri bu çəkinin 34 yaşlı rusiyalı çempionu İslam Maxaçevə qarşı növbəti dəfə sərt ittihamlar irəli sürüb. İrlandiyalı idmançı Maxaçevin iyul ayında oktaqona qayıtmağa hazır olması barədə paylaşımına ironiya ilə cavab verib.
İdman.Biz xəbər verir ki, buna səbəb Maxaçevin daha əvvəl əlindən aldığı zədəyə görə reabilitasiya keçməsi və qayıdışının avqust ayına planlaşdırılması barədə yayılan məlumatlardır.
Yan Harri çempionun ziddiyyətli açıqlamalar verdiyini iddia edərək sosial şəbəkə hesabında bunları yazıb:
“Əvvəlcə əlinin zədəli olduğunu deyirdin. Dana Uayt avqust ayından danışır, sən isə iyulda hazır olduğunu iddia edirsən. Mən isə hələ may ayında mənimlə döyüşdən imtina etdiyin vaxtdan hazıram. Hamımız səni gözləyirik, şahzadə”.
Xatırladaq ki, Yan Harri sonuncu dəfə noyabrın 22-də Qətərdə keçirilən UFC turnirində fələstinəsilli amerikalı Belal Məhəmməd üzərində yekdil qərarla qalib gəlib. Bu qələbədən sonra irlandiyalı döyüşçü çempionluq kəməri uğrunda mübarizə aparmaq niyyətini açıq şəkildə nümayiş etdirir. Hazırda tərəflər arasında yaranan bu gərginliyin oktaqonda necə nəticələnəcəyi idman ictimaiyyəti tərəfindən maraqla gözlənilir.
