Çeyl Sonnen: "Bakı UFC-nin bütün üç meyarına uyğundur" - İDMAN.BİZ-in İCMALI

23 Aprel 2026 11:49
230
Çeyl Sonnen: "Bakı UFC-nin bütün üç meyarına uyğundur" - İDMAN.BİZ-in İCMALI

Bakı UFC təqvimində yerini möhkəmləndirib. Qarışıq döyüş növləri üzrə dünyanın aparıcı liqasının turnirləri ölkəmizdə ən azı 2028-ci ilə qədər keçiriləcək. Müqavilənin müddəti məhz bu tarixədək nəzərdə tutulub.

Artıq bir sıra döyüşçülər və mütəxəssislər bu hadisəyə münasibət bildiriblər və İdman.Biz onların bəzi fikirlərini təqdim edir.

MMA mütəxəssisləri yekdil mövqedədir: UFC coğrafiyasını sistemli şəkildə genişləndirməkdə davam edir. Bunu ikiqat çempionluğa iddiaçı olmuş, hazırda isə analitik və ekspert kimi fəaliyyət göstərən ABŞ-li Çeyl Sonnen də vurğulayıb: "UFC infrastrukturun, dövlət dəstəyinin və tamaşaçının olduğu yerlərə daxil olur. Bakı bu üç meyarın hamısına uyğundur, buna heç bir şübhə yoxdur. İndi maraqlıdır ki, turnirin əsas döyüşündə kim çıxış edəcək".

UFC-də ən nüfuzlu menecerlərdən biri olan Əli Abdel-Əziz isə bu razılaşmanın döyüşçülər üçün əhəmiyyətini qeyd edib: "Bu regionda çox böyük istedad var. Dağıstan, Azərbaycan, Mərkəzi Asiya – bu ərazilərdən olan döyüşçülər artıq dominantlıq edirlər. İndi onların daha çox imkanları yaranacaq".

Abdel-Əziz hesab edir ki, Bakıda keçiriləcək turnirlər UFC-də yeni ulduzların üzə çıxmasını sürətləndirə bilər.

“Bellator”un (UFC-yə alternativ və onun əsas rəqiblərindən biri olan MMA təşkilatı – red.) sabiq çempionu və MMA veteranı Qeqard Musasi UFC-nin Azərbaycanla uzunmüddətli müqaviləsini tam əsaslı sayır: "Bu addım gözlənilən idi. Liqa güclü döyüşçü bazası və fanatların olduğu yerlərə yönəlir. Region uzun müddətdir yüksək səviyyə nümayiş etdirir. Ona görə də genişlənmə tam məntiqlidir".

Britaniyalı ekspert Den Hardi bu razılaşmanı daha böyük strategiyanın bir hissəsi kimi qiymətləndirir: "Başa düşmək lazımdır ki, UFC artıq sadəcə döyüş liqası deyil. Əslində bu, qlobal sistemdir. Onlar dünyanın müxtəlif nöqtələrində platformalar yaradır və Bakı da belə inkişaf mərkəzlərindən birinə çevriləcək. Əgər ötənilki “Fight Night” sınaq xarakteri daşıyırdısa, indi daha çox maraqlı döyüşlər və böyük adlar gözləmək olar", – deyə o bildirib.

Orta çəki dərəcəsində ən nüfuzlu döyüşçülərdən biri, UFC-nin sabiq çempionu Robert Uitakker isə daha əvvəl promouşenin coğrafiyasının genişlənməsi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, yeni bazarlara çıxış liqanın inkişafının qaçılmaz mərhələsidir. O vurğulayıb ki, belə turnirlər idmançılar üçün əlavə imkanlar yaradır, lakin çox şey təşkilatçılıq səviyyəsindən və iştirakçıların keyfiyyətindən asılıdır. Uitakker qeyd edib ki, "genişlənmə idman üçün faydalıdır", amma əsas amil döyüşlərin keyfiyyəti və kardların rəqabətliliyidir.

Bakıda keçiriləcək turnir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Turnirin kardi hələ formalaşma mərhələsindədir və yaxın vaxtlarda gecənin əsas döyüşü rəsmi şəkildə açıqlanacaq.

İdman.Biz