UFC şərhçisi və podkaster Co Roqan rusiyalı döyüşçü Movsar Evloyev ilə avstraliyalı Aleks Volkanovski arasında döyüşü Ağ Evdə təşkil olunacaq turnirdə görmək istədiyini bildirib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Daha əvvəl rusiyalı döyüşçü “UFC Fight Night 270” turnirində britaniyalı Leron Mörfini hakimlərin bölünmüş qərarı ilə məğlub edib.
"Evloyev çox layiqli təsir bağışladı. Onun Mörfi ilə ayaqüstə döyüşə bilməsi həqiqətən təsir edicidir. Ümid edirəm ki, UFC onu yenə kənarda qoymayacaq. Rəqib kimi Aleks Volkanovski, məkan isə Ağ Evin həyəti – əla olar! Qoyun, bir neçə ay dincəlsin. İndi yalnız mart ayıdır. Turnir isə iyunda olacaq. Gəlin, bu karda daha çox maraq qataq", – deyə Roqan podkastında bildirib.
Daha əvvəl Movsar Evloyev özü də müsahibəsində qeyd edib ki, Mörfi üzərində qələbədən sonra təşkilat rəhbərliyinin ona Volkanovski ilə titul döyüşü verməməsi üçün heç bir əsas qalmayıb. 32 yaşlı döyüşçü MMA karyerası ərzində keçirdiyi 20 döyüşün hamısında qələbə qazanıb və yarımyüngül çəki dərəcəsinin reytinqində birinci pillədə qərarlaşıb.
“UFC White House” turniri 2026-cı il iyunun 14-dən 15-nə keçən gecə keçiriləcək. Tədbir ABŞ-ın müstəqilliyinin 250 illiyi və ölkə prezidenti Donald Trampın 80 illik yubileyinə həsr olunacaq.
