Londonda yaşayan dünya çempionumuz: “İlk yarışlarımız yüzdən çox ölkədə canlı yayımlanıb” – MÜSAHİBƏ

Müsahibə
8 Fevral 2024 12:22
Londonda yaşayan dünya çempionumuz: “İlk yarışlarımız yüzdən çox ölkədə canlı yayımlanıb” – MÜSAHİBƏ

İngiltərədə "Immortal Champions" təşkilatının təsisçisi, veteran kikboksçu Hafiz Baxşəliyevin İdman.biz saytına müsahibəsi

- Müəyyən vaxtdır Vətəndən kənarda - Londonda yaşayırsız. İşləriniz necə gedir?

- Bəli, 15 ildir burada yaşayıram. İngiltərəyə 2009-cu ildə gəlmişəm və hər şey yaxşıdır.

- Londonda peşəkar liqa yaratmısız. Bu fikrə necə gəldiz?

- Döyüş idman növləri həmişə həyatımda böyük yer tutub və bu həvəsimi bölüşmək istədim. Turnirlərin təşkil edilməsi qərarına gəlmək şəxsən mənim üçün döyüş sənətinin gücünü və gözəlliyini insanlara çatdırmaq, həmçinin idmançılara öz bacarıqlarını nümayiş etdirmək üçün platforma yaratmaq istəyimdən qaynaqlanır. Bu, həm bir hobbi, həm də cəmiyyətə müsbət təsir göstərmək üçün bir fürsətdir. “Immortal Champions”un turnirlərini təşkil etməklə, yerli və beynəlxalq səviyyədə döyüş növlərinin inkişafına töhfə vermək istəyirəm.

- Bu təşkilata əsasən hansı idman növləri daxildir?

- İdman karyeramı bitirdikdən sonra 2018-ci ildən Londonda peşəkar kikboks yarışları təşkil etməyə başladıq. 2019-cu ildə "Immortal Champions" təşkilatını yaradıldı. Burada kikboksinq, muaytay və MMA döyüşlərini bir yerdə təşkil edirik.

- İndiyədək neçə yarış keçirmisiz?

- 7 yarış təşkil etmişik. Son turnirimiz fevralın 4-də baş tutdu. Yarışda fərqli ölkələrdən idmançılar iştirak edirdilər.

- Bəs bu turnirlərə idmançı seçimlərini necə aparırsız? Yarışlarınızda iştirak edən ən tanınmış idmançılar kimlərdir?

- Təcrübəsinə, iştirak etdiyi yarışların sayı və səviyyəsinə, döyüş rekordlarına görə idmançıları seçirik. Ən tanınmışlar arasında super ağır çəkidə “Immortal Champions British Title” çempionu Daniel Sam və öz çəkilərində 1 nömrə olan Henrikas Viksraitisla Kevin Vardın adını çəkə bilərəm.

- Azərbaycanlı idmançıları onda iştirak etməyib?

- İlk yarışımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuşdu. 6 azərbaycanlı idmançı Londonda iştirak etdi. Digər yarışlarımızda Elxan Əliyev ölkəmizi təmsil edib və bizim turnirdə 3 döyüşdə 3 nokauta imza atıb. Növbəti dəfə onun üçün Avropa titulu uğrunda döyüş planlaşdırılır.

- Bəs turnirlərinizdə görmək istədiyiniz məşhur idmançılar kimlər ola bilər?

- Təşkilatımız o qədər də böyük deyil. Bu səbəbdən o qədər də tanınmış simalar haqqında düşünmürük. Mən öz idmançılarımızı daha çox yarışlarımızda görmək istəyərəm. Amma dünyaca məşhur muaytayçı Rodtanq Jitmuanqnonu Londonda izləmək maraqlı olardı.

- Kikboksinq dedikdə daha çox yada əfsanəvi Buakav Bançameki məğlub edən Xəyal Canıyev düşür. Onun dəvəti gözlənilmir?

- Əlbəttə, Canıyev də bizim yarışlarda iştirak etsə, çox sevinərik.

- Növbəti turnirlə bağlı planlarınız nədir?

- Hazırda Kris Bayanın meneceri bizlə əlaqə saxlayıb və onun yarışımızda iştirak etmək istədiyini bildirib. Hər halda dəyərləndirəcəyik. Həmyerlimiz Alim Nəbiyevin də turnirimizə qoşulmasını istəyirik.

- İngiltərədə bu təşkilata maraq necədir?

- Ölkə mətbuatı yarışımız haqqında xüsusi yazı dərc etməsə də, idman sosial medialarında tədbirimiz geniş rezonans doğurub. İştirakçılarımızın göstərdikləri performanslar, təşkilatçılığın səviyyəsi və tədbirin idman cəmiyyəti üzərindəki müsbət təsiri kimi məqamlar xüsusilə vurğulanıb. İzləyicilərin və iştirakçıların sosial mediada paylaşdıqları təəssüratlar mükəmməlləşmək üçün bizi həvəsləndirir. İlk başladığımız vaxt yarışlarımızla bağlı Avropa ölkələrində yazılar dərc olmuşdu. Hətta yüzdən çox ölkədə canlı yayımlanmışdı.

- Kikboksinq üzrə 3 qat Avropa və dünya çempionu, 15 il İngiltərədə yaşayan veteran idmançı kimi təşkil etdiyiniz yarışlarda olan idman növlərinin ölkəmizdə inkişafını necə dəyərləndirirsiz?

- Azərbaycan idmanını yaxından izləyirəm. Möhtəşəm kikboksinq məktəbimiz var. Çox istedadlı gənc idmançılar yetişir. Bəzən başqa ölkələrə həmyerlilərimizi izləmək üçün gedirəm. MMA inkişafdadır. Uğurlu idmançılarımız var, amma azdır. Daha böyük yarışlarda iştirak etmək üçün bir az da çalışmaq lazımdır. Muaytay tam ürək açan səviyyədə deyil. Çünki bizdə çox yeni idmandır. Bilirəm yeniyetmələrimiz artıq dünya çempionatından medal qazanmışıq. İnanıram ki, muaytay bizdə daha da inkişaf edəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: