AMADA Gəncədə kikboksinq çempionatında “təmiz idman” təşviqatı keçirib - FOTO

22 İyun 2026 17:15
114
AMADA Gəncədə kikboksinq çempionatında “təmiz idman” təşviqatı keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) kikboksinq üzrə 30-cu Azərbaycan çempionatının keçirildiyi Gəncə Olimpiya İdman Kompleksində təmiz idman dəyərlərinin təşviqinə həsr olunmuş maarifləndirmə proqramı təşkil edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.

Bildirilir ki, AMADA tərəfindən qurulan təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, qadağan edilmiş maddə və üsulların yaratdığı risklər, idmançıların hüquq və öhdəlikləri, həmçinin narkotik vasitələrdən istifadənin sağlamlıq və idman karyerası üçün doğura biləcəyi mənfi nəticələr barədə məlumat verilib.

Ziyarətçilər antidopinq sahəsində biliklərini sınamaq məqsədilə təşkil olunan viktorinalarda fəal iştirak ediblər. Yüksək nəticə göstərənlərə AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Təmiz idman guşəsinin yaradılmasında əsas məqsəd idmançılar, məşqçilər və azarkeşlər arasında antidopinq mövzusunda məlumatlılığın artırılması, ədalətli rəqabət prinsiplərinin təşviqi və sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.

İdman.Biz