Gəncədə bu gün start götürən yeniyetmələr, gənclər və kadetlər arasında kikboksinq üzrə 30-cu Azərbaycan çempionatı idmançıların hazırlıq səviyyəsini göstərən əsas sınaq olacaq. Yarışın yekununda İtaliyada keçiriləcək dünya çempionatında iştirak edəcək milli komandanın heyəti müəyyənləşəcək.
Bu barədə İdman.Biz-ə açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov məlumat verib.
O bildirib ki, ölkə çempionatından yüksək nəticələr gözləyirlər:
“İdmançıların texniki, taktiki və ümumi hazırlıq səviyyəsi əsasında yığma komandaya düşəcək və dünya çempionatında ölkəmizi təmsil edəcək kikboksçular müəyyənləşəcək. Bundan sonra bizi təxminən üç aylıq təlim-məşq toplanışları gözləyir. Bu hazırlıq prosesi idmançıların mundiala maksimum səviyyədə hazırlaşmasına imkan verəcək”.
Məmmədov xatırladıb ki, kikboksinq üzrə Avropa və dünya çempionatları iki ildən bir keçirilir. Buna görə də ötən il qitə çempionatında medal qazanan idmançılar ölkə birinciliyində də öz səviyyələrini təsdiqləməli, hələ də yüksək formada olduqlarını nümayiş etdirməlidirlər.
Federasiya rəsmisi özünün məşqçi kimi fəaliyyətini də vurğulayıb:
“Federasiyanın vitse-prezidenti olmaqla yanaşı, məşqçilik fəaliyyətimi də davam etdirirəm. Köməkçim, Azərbaycanın Əməkdar məşqçisi Ayaz Mehdiyevlə birlikdə bu yarışa güclü komanda hazırlamışıq. Bütün iştirakçılara uğurlar arzulayıram. Qoy ən güclü qalib gəlsin və daha sonra beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etsin”.
Eduard Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və qurumun prezidenti Orxan Əliyev rəhbərliyi altında bu idman növü ölkədə sürətlə inkişaf edir.
“Bunun ən parlaq sübutu yaxın zamanda Dünya Kubokunda qazanılan 32 medaldır. Bu, həm məşqçilərin, həm də kikboksçuların böyük əməyinin nəticəsidir”, – deyə vitse-prezident fikrini tamamlayıb.
