Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, U21, böyüklər və parakarateçilər arasında reytinq xarakterli karate turniri keçirilib.
İdman.biz xəbər verir ki, turnir Vətən Müharibəsi şəhidləri – Səfərov Cəsarət və Səfərov Şahmarın əziz xatirəsinə həsr olunub.
Yarışın açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və şəhidlərin valideynləri çıxış ediblər.
Federasiya prezidenti Ülvi Quliyev bildirib ki, bu yarış yalnız idman mübarizəsi deyil, eyni zamanda şəhidlərimizin ruhuna ehtiramın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin təcəssümüdür.
İcra başçısı Adil Əliyev isə vurğulayıb ki, şəhidlərimizin xatirəsinin belə tədbirlərlə əbədiləşdirilməsi dövlətimizin milli dəyərlərə verdiyi önəmin göstəricisidir: "Bu yarış həm də gənclərimizin mənəvi inkişafına mühüm töhfədir.”
Tədbirdə çıxış edən şəhid valideynləri – Səfərov Cəsarətin və Şahmarın ailə üzvləri – övladlarının adlarının idman meydanlarında yaşadılmasından duyduqları qüruru və minnətdarlıqlarını ifadə ediblər.
Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib. Yarış yeniyetmələr, gənclər, U21, böyüklər və parakarate kateqoriyaları üzrə təşkil olunub və Azərbaycan çempionatı və respublika birinciliyi üçün lisenziya xarakteri daşıyıb.
Azərbaycan Karate Federasiyası tərəfindən tətbiq olunan xüsusi reytinq sistemi çərçivəsində, üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ – lisenziya əldə edəcəklər. Bu mexanizm milli yığmaya obyektiv və şəffaf seçim prosesini təmin edir.
Yarışın idarə olunmasına 30-a yaxın peşəkar hakim cəlb edilib. Qarşılaşmalar beynəlxalq standartlara uyğun şəkildə, texniki və təşkilati baxımdan yüksək səviyyədə keçirilib. Təhlükəsizlik tədbirləri və idmançıların rifahı tam təmin olunub.
Karate idman növünün inkişafına xüsusi töhfə vermiş və dəstək göstərmiş bir sıra şəxslərə Azərbaycan Karate Federasiyası tərəfindən fəxri diplomlar və təşəkkürnamələr təqdim olunub. Tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İdman.biz