Sentyabrın 11-13-də Macarıstanın paytaxtı Budapeşt şəhərində yerli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında beynəlxalq turnir keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, turnirdə dünyanın 40-a yaxın ölkəsindən 2400-dən çox idmançı kata və kumite yarışlarında qüvvəsini sınayıb.
Mötəbər yarışda iştirak edən Azərbaycan Karate Federasiyasının və FHN-in İdman-sağlamlıq klubunun uşaqlardan ibarət karate komandasının üzvləri yüksək nəticələr əldə ediblər. Belə ki, kumite yarışlarında uşaqlar arasında 24 kiloqram çəki dərəcəsində (U-8 kateqoriyasında) Çingiz Abbasov 5 döyüş, 42 kiloqram çəki dərəcəsində (U-14 kateqoriyasında) isə Nəzrin Şahməmmədli 6 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan əlavə, komandanın digər üzvü – 35 kiloqram çəki dərəcəsində (U-12 kateqoriyasında) yarışan Ramal Şahməmmədli 5 döyüş keçirərək gümüş medala yiyələnib.
Qaliblərə Macarıstan Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlar təqdim edilib.



