“Beynəlxalq arenada mövqeyimi qorumaq istəyirəm” – karateçimiz Selcan Babayevadan İDMAN.BİZ-ə MÜSAHİBƏ + FOTO

31 Oktyabr 2026 18:05
90
“Beynəlxalq arenada mövqeyimi qorumaq istəyirəm” – karateçimiz Selcan Babayevadan İDMAN.BİZ-ə MÜSAHİBƏ + FOTO

Kyokuşin karate üzrə dünya çempionu olan 17 yaşlı Selcan Babayeva son vaxtlar iştirak etdiyi beynəlxalq yarışlarda uğurlu çıxışı ilə diqqət çəkir. Ötən həftə Belçikada keçirilən Avropa çempionatı da onun üçün uğurlu alınıb. 18 yaşadək idmançılar arasında 60 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Babayeva qitə çempionu tituluna yiyələnib.

Gənc idmançı Avropa çempionatındakı çıxışı, uğurunun sirri, gələcək hədəfləri və başqa idman növünə keçmək istəyib-istəməməsi ilə bağlı İdman.Biz-ə müsahibə verib.

– Avropa çempionatına necə hazırlaşırdınız?

– Avropa çempionatına çox ciddi hazırlaşırdım. Bu uğurun qazanılmasında məşqçim, Azərbaycan Respublikasının idman ustası Vidadi Xəlilovun əməyi xüsusilə böyükdür. O, hazırlıq prosesində mənimlə xüsusi məşğul olur, zəif tərəflərim üzərində işləyir və yarışa ən yaxşı formada çıxmağım üçün əlindən gələni edirdi. Onun diqqəti, dəstəyi və mənə olan inamı mənim üçün çox önəmli idi.

Yarışda əsas məqsədim qızıl medal qazanmaq, Azərbaycan bayrağını yüksəklərə qaldırmaq və ölkəmizi layiqincə təmsil etmək idi. Əlbəttə, idmanda hər cür nəticə mümkündür. Ancaq biz bu yarışa ciddi hazırlaşmışdıq və hədəfimiz çempionluq idi. Şadam ki, məşqçimin çəkdiyi zəhməti doğrulda bildim və Avropa çempionu oldum.

– Son vaxtlar iştirak etdiyiniz bütün böyük turnirlərdə qalib gəlirsiniz. Uğurunuzun sirri nədədir?

– Məncə, uğurun əsas sirri intizam, zəhmət və məşqlərə davamlı şəkildə ciddi yanaşmaqdır. Qələbələrin arxasında çoxlu əmək, səbr və öz üzərində işləmək dayanır. Bu uğurlarda şəxsi məşqçim Vidadi Xəlilovun dəstəyi və mənimlə xüsusi məşğul olmasının böyük rolu var. Eyni zamanda, milli komandanın tərkibində keçdiyim məşqlər də inkişafıma və yüksək nəticələr əldə etməyimə müsbət təsir göstərir. Ən əsası, qazandığım uğurlar məni daha çox çalışmağa və qarşıdakı yarışlarda da yüksək nəticələr əldə etməyə həvəsləndirir.

– İndiyədək qazandığınız nailiyyətlər arasında ən dəyərli olanı hansıdır?

– Qazandığım hər medalın mənim üçün öz dəyəri var. Dünya çempionu olmaq, üç dəfə Dünya Kubokunu qazanmaq və Avropa çempionu adını əldə etmək mənim üçün böyük uğurlardır. Bu nəticələrin hər birinin arxasında ciddi hazırlıq və zəhmət dayanır. Xüsusilə dünya çempionluğu mənim üçün çox əhəmiyyətlidir, çünki bu titul uzun müddət üzərində çalışdığım məqsədlərdən biri idi. Bu uğurlar mənə göstərdi ki, insan əzmlə çalışdıqda qarşısına qoyduğu hədəflərə çata bilər.

– Yüksək nəticələr əldə etmək üçün sizi nə motivasiya edir? Və qarşınıza daha hansı məqsədləri qoymusunuz?

– Məni ən çox motivasiya edən qazandığım uğurlarla kifayətlənməmək və daim daha yaxşı nəticələr əldə etmək istəyidir. Dünya çempionu və Dünya Kubokunun sahibi olmaq böyük qürurdur, amma bu titullar həm də üzərimə məsuliyyət qoyur. Gələcəkdə yeni beynəlxalq yarışlarda qalib gəlmək, qazandığım titulları qorumaq və Azərbaycan bayrağını daha böyük arenalarda yüksəltmək istəyirəm. Mənim üçün əsas məsələ hər zaman inkişaf etmək və öz potensialımın ən yüksək səviyyəsinə çatmaqdır.

– Gələcəkdə başqa döyüş idman növlərinə, məsələn, cüdo və ya MMA-ya keçməyi heç düşünmüsünüzmü?

– Uşaqlıqdan kyokuşin karate ilə məşğul olduğum üçün bu idman növünə xüsusi sevgim və marağım var. Ona görə də karyeramı bu istiqamətdə davam etdirmək istəyirəm. Kyokuşin karate mənə yalnız döyüşməyi deyil, həm də intizamlı olmağı, səbirli davranmağı və çətinliklər qarşısında geri çəkilməməyi öyrədib. Hazırda əsas məqsədim bu idman növündə yeni uğurlar qazanmaq və beynəlxalq arenada mövqeyimi qorumaqdır. Digər idman növləri də özlüyündə maraqlıdır, amma hələlik bütün diqqətimi kyokuşin karatedə uğur qazanmağa yönəltmişəm. İnanıram ki, qarşıda məni daha böyük nailiyyətlər gözləyir. Bunun üçün çalışmağa davam edəcəyəm.

İdman.Biz