Karateçilərimiz dünya çempionatını beş medalla başa vurdular - FOTO/VİDEO

18 Oktyabr 2026 15:59
108
Karateçilərimiz dünya çempionatını beş medalla başa vurdular - FOTO/VİDEO

Azərbaycan karateçiləri Polşanın Belsko-Biala şəhərində keçirilən kadetlər, gənclər və 21 yaşadək idmançılar arasında 14-cü dünya çempionatında beş medal qazanıblar.

İdman.Biz Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 14-18-də təşkil olunan mundialda millimiz bir qızıl, bir gümüş və üç bürünc medala sahib çıxıb.

114 ölkədən 2000-dən çox idmançının qatıldığı yarışda Azərbaycan millisinin ən yüksək nəticəsini Şamo Kamilov göstərib. O, 16 yaşadək karateçilər arasında 70 kq-dan yuxarı çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.

18 yaşadək idmançıların mübarizəsində 55 kq çəki dərəcəsində çıxış edən Vüsal Qənbərov isə finala qədər irəliləyərək gümüş medal qazanıb.

Rəsul Qənbərli (U-16, 52 kq) və Nurlan Əlimuradov (U-16, 70 kq) bürünc mükafata sahib çıxıblar.

Millimizin beşinci medalını Rəşid Süleymanov əldə edib. O, 21 yaşadək karateçilərin 75 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə türkiyəli Osman Burak Keleşi məğlub edərək fəxri kürsüyə yüksəlib.

Azərbaycan nümayəndə heyətinə federasiyanın baş katibi Qabil Sayadov, baş məşqçilər Elnur İbrahim və Anar Allahverdiyev, köməkçi məşqçi Coşqun Sadiqov, həmçinin kata üzrə məşqçi köməkçisi İsmayıl Quliyev rəhbərlik ediblər.

Dünya çempionatında Azərbaycan hakimləri də fəaliyyət göstəriblər. Beynəlxalq dərəcəli hakim Cahangir Babayev tatami menecerinin köməkçisi, Vüqar Kərimov isə apellyasiya hakimi vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, oktyabrın 18-də başa çatan dünya çempionatında Azərbaycan millisinin medal hesabı bir qızıl, bir gümüş və üç bürünc mükafatdan ibarət olub.

İdman.Biz