Azərbaycan Karate Federasiyasının (AKF) deflimpiya və parakarate üzrə yığma komandaları, eləcə də Şotokan karateçilərimiz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa Ölkələri Çempionatında yüksək nəticələr göstəriblər.
İdman.Biz xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-dək davam edən yarışda Azərbaycan idmançıları müxtəlif yaş və çəki kateqoriyalarında mübarizə apararaq çoxsaylı medallar qazanıblar.
Parakarate yarışlarında Aysel Əhmədli bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Deflimpiyaçılar arasında keçirilən yarışlarda Hikmət Ağayev, 75 kq çəki dərəcəsində Elmin Hüseynli və kata üzrə Aytən Qədirova qızıl medal qazanıblar.
16-17 yaşlı idmançılar arasında 61 kq çəki dərəcəsində Yusif Əzimzadə, böyüklər arasında 60 kq-da Nizaməddin Əzimzadə və 75 kq-da Ələkbər Əlizadə gümüş medala layiq görülüblər.
Elnur Qasımzadə və Fəqan Yasimov isə 67 kq çəki dərəcəsində bürünc medal qazanaraq yığmamızın uğurlarına töhfə veriblər.
Şotokan karate üzrə fərdi yarışlarda da Azərbaycan təmsilçiləri uğurlu nəticələr əldə ediblər. Böyüklər arasında “Şobu Nihon” kateqoriyasında 75 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Elçin Şiriyev qızıl medal qazanaraq Avropa çempionu olub.
Eyni çəki dərəcəsində Ramin Mazanov, kata üzrə isə Nihad Məmmədzadə gümüş medala sahib olublar.
Gənclər arasında 16-17 yaş kateqoriyasında 68 kq çəki dərəcəsində çıxış edən Əbülfəz Rəfiyev də qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Komanda yarışlarında da Azərbaycan təmsilçiləri fərqləniblər. Kişilərdən ibarət yığma komandamız final görüşündə Türkiyə idmançılarına qalib gələrək Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, idmançılarımız çempionat və birincilikdə Azərbaycan Karate Federasiyasının Şotokan karate üslubu üzrə rəhbəri Rənad Əliyevin müşayiəti ilə iştirak ediblər.
