Zelim Kotsoev: “Döyüşdən sonra həyəcanlı idim, bir az da kədərləndim”

Müsahibə
4 Dekabr 2023 13:49
405
Zelim Kotsoev: “Döyüşdən sonra həyəcanlı idim, bir az da kədərləndim”

“Yaponiyada keçirilən “Böyük Dəbilqə”də medal qazanmağı daha çox arzulayırdım”.

Bunu İdman.bizə ilin yekun reytinq turnirinin bürünc medalçısı olan Azərbaycan cüdosu Zelim Kotsoyev deyib.

100 kq çəkidə fəxri kürsüyə yüksələn Avropa çempionu Tokioda keçirilən “Böyük Dəbilqə”də çıxışını dəyərləndirib. O bildirib ki, bu mükafat kolleksiyasında xüsusi yer tutacaq: “Medal kolleksiyam xeyli yenilənib, lakin Yaponiyada heç vaxt fərqlənə bilməmişdim. Nəhayət, ilin sonunda - mövsümün axırıncı turnirində hər şey bir araya gəldi. Döyüşdən sonra çox həyəcanlı idim. Sevinc hissləri ilə yanaşı, bir az da kədərləndim, çünki bu uğur üçün uzun müddət hazırlaşırdım, əziyyətim hədər getmədi”.

Yarışda 5 döyüş keçirən Kotsoyev turnirin çətin olduğunu da etiraf edib: “Çətin günlər idi. “Böyük Dəbilqə” yarışından əvvəl Yaponiyada iki həftəlik təlim-məşq toplanışına qatıldıq, fasiləsiz çalışdıq. Turnir üçün konkret məşq planı yox idi, hər şey döyüşün necə keçəcəyindən asılı idi. Yorğunluq istər-istəməz performansa təsir etdi”.

1/4 finalda Matvey Kanikovskiyə (AİN) məğlubiyyətin səbəblərindən danışan cüdoçumuz tam formada olmadığını deyib: “Ondan əvvəl braziliyalı Leonardo Qonsalveslə görüş çətin alındı və fiziki yorğunluğumu tam bərpa etməyə vaxt az idi. Ona görə də qarşılaşma çətin keçdi. Kanikovski isə çox yaxşı formada idi”.

Qeyd edək ki, bürünc medal uğrunda mübarizədə Kotsoyev italiyalı Cennaro Pirelliyə qalib gəlib. Zelim üçün bu medal mövsümün 6-cısı olub. O, ili Parisdə keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medalla başlayıb, daha sonra Təl-Əvivdəki analoji turnirin qalibi olub. Kotsoev Dohada təşkil olunan dünya çempionatında da ilk “üçlüy”ə düşüb. Eyni zamanda, Bakıdakı “Böyük Dəbilqə”nin 3-cüsü, Avropa çempionu və nəhayət, Tokioda bürünc medal qazanıb.

Zəki Feyzullayev
İdman.biz